Cəlilabad Rayon İcra Hakimiyyəti 1xeber.media-da yayımlanan və geniş rezonans doğuran şikayət videosu ilə bağlı rəsmi bəyanat yayıb. Qurum videomaterialın müəllifi Ələkbərov Hicran Təzəxan oğlunun səsləndirdiyi ittihamların tamamilə əsassız olduğunu və reallığı əks etdirmədiyini bildirib.
Rəsmi açıqlamada qeyd olunur ki, vətəndaş Hicran Ələkbərov məsələ ilə bağlı dəfələrlə fərdi qaydada İcra Hakimiyyətinə dəvət edilib və onunla rəsmi görüşlər keçirilib. Bu görüşlər zamanı vətəndaşa həm özünün inşa etdiyi qanunsuz tikinti ilə əlaqədar görülmüş hüquqi tədbirlər, həm də videoda adı çəkilən Süleyman Süleymanov tərəfindən aparılan tikinti işlərinə münasibətdə qanunvericiliyin tələblərinə tam uyğun addımların atıldığı ətraflı şəkildə izah edilib.
İcra Hakimiyyəti rayon ərazisindəki söküntü və tikinti işlərinin tam hüquqi müstəvidə aparıldığını xüsusi vurğulayıb: “Bir daha bildiririk ki, rayon icra hakimiyyəti heç kimin tikilisini qanunsuz olaraq sökməmiş, eyni zamanda heç bir qanunsuz tikintiyə də icazə verməmişdir”.
Bəyanatda həmçinin qeyd olunub ki, Hicran Ələkbərova böhtan xarakterli müraciətlərdən çəkinməsi tövsiyə edilib. Ona qanunsuz inşa etdiyi mülkün qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi və sənədləşdirilməsi üçün zəruri istiqamətləndirmə aparılıb, eləcə də qurum tərəfindən göstərilə biləcək köməkliklərlə bağlı dəfələrlə əlaqə saxlanılıb. Lakin rəsmi qurumun bildirdiyinə görə, vətəndaş qanunvericiliyin yaratdığı bu hüquqi imkanlardan istifadə etmək əvəzinə, əsassız və qərəzli iddialar səsləndirməyə davam edir.