"Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bu platformalar informasiya əldə etmək, ünsiyyət qurmaq və biliklərini artırmaq baxımından geniş imkanlar yaratsa da, onların müəyyən risk və mənfi təsirləri də mövcuddur".
1xeber.media xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, hər bir sahədə olduğu kimi, sosial şəbəkələrdən və süni intellekt texnologiyalarından istifadə zamanı da əsas meyar düzgün yanaşma olmalıdır:
"Bu imkanlardan ağıllı və məqsədyönlü şəkildə yararlanmaq onların üstün cəhətlərini həyatımıza qazandırır. Eyni zamanda, bu vasitələr insanların milli-mənəvi dəyərlərinə, düşüncə tərzinə və sağlam inkişafına mənfi təsir göstərməməlidir.
Bunun üçün ilk növbədə hər bir fərd məsuliyyət hissi ilə davranmalı, internet məkanında atdığı addımların nəticələrini nəzərə almalıdır. Yetkin insanlar müəyyən qədər bu məsuliyyəti dərk etsələr də, uşaqların sosial şəbəkələrin yaratdığı təhlükələrdən qorunması hələ də ciddi çağırış olaraq qalır. Məhz buna görə də azyaşlıların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biridir.
Bu baxımdan, 16 yaşına qədər uşaqların sosial platformalarda sərbəst şəkildə hesab yaratmasının məhdudlaşdırılması olduqca məqsədəuyğun və zəruri addımdır".
Ekspert əlavə edib ki, uşaq böyüdükcə ətraf aləmi daha yaxından tanıyır və bununla yanaşı müxtəlif təhlükələrlə də qarşılaşmaq ehtimalı artır:
"Belə bir şəraitdə valideyn nəzarəti daha böyük əhəmiyyət kəsb edir. Uşaqları rəqəmsal mühitin zərərli təsirlərindən qorumağa xidmət edən qərarlar onların təhlükəsiz və sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Dövlət tərəfindən uşaqların hüquqlarının və təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına yönəlmiş addımların atılması təqdirəlayiqdir. Sağlam düşüncəli, vətəninə və milli-mənəvi dəyərlərinə bağlı gənc nəslin formalaşdırılması həm dövlətin, həm də cəmiyyətin qarşısında duran ən vacib məqsədlərdən biridir. Bu məsuliyyət təkcə dövlət qurumlarının deyil, eyni zamanda ailənin və bütövlükdə cəmiyyətin üzərinə düşür. Valideynlər övladlarının zərərli vərdişlərdən uzaq böyüməsinə daim diqqət göstərməlidirlər.
Eyni zamanda, uşaqların siqaret, alkoqol və soyuq silah kimi təhlükəli amillərdən uzaq saxlanılması da xüsusi önəm daşıyır. Valideyn nəzarətinin gücləndirilməsi və dövlət tərəfindən qəbul olunan qərarların ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində uşaqlarımızın daha sağlam, təhlükəsiz və məsuliyyətli mühitdə böyüməsini təmin etmək mümkün olacaq".