İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı hər hansı yeni hücumunun regionda ciddi cavab tədbirlərinə səbəb ola biləcəyi barədə xəbərdar edib.
1xeber.media xəbər verir ki, Tehran ABŞ tərəfindən İranın infrastrukturuna zərbə endiriləcəyi təqdirdə Fars körfəzindəki enerji obyektlərinə və digər regional hədəflərə qarşı cavab addımları ata biləcəyini bildirib.
Məlumata görə, xəbərdarlıq ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi tədbirlərlə bağlı açıqlamalarından sonra baş tutan diplomatik danışıqlar zamanı səsləndirilib.
İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin xarici işlər nazirləri, eləcə də Pakistanın hərbi rəhbərliyi ilə görüşlər keçirib. O, tərəfdaş ölkələri Vaşinqtona təsir göstərərək mümkün eskalasiyanın qarşısını almağa çağırıb.
Əraqçi bildirib ki, İrana qarşı hər hansı hücum Fars körfəzi boyunca ABŞ obyektləri və enerji infrastrukturuna qarşı cavab tədbirləri ilə nəticələnə bilər.
"Biz cavab verməyə hazırıq, lakin diplomatik həll yolu regionda daha geniş eskalasiyanın qarşısını almaq üçün ən yaxşı variantdır", - deyə İran xarici işlər naziri qeyd edib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Hörmüz boğazının bağlanacağı təqdirdə ABŞ-ın İrana qarşı İkinci Dünya müharibəsindən sonra görünməmiş miqyasda hərbi əməliyyata hazır olduğunu bildirmişdi.