Вернуться назад Распечатать

Ruben Vardanyan artıq Azərbaycan məhkəməsi tərəfindən layiq olduğu cəzanı alıb – Açıqlama

“Ruben Vardanyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olması, separatçı rejimdə yüksək vəzifə tutması və həmin dövrdə verdiyi bəyanatlar artıq tarixin zibilliyinə atılıb. Həmin mərhələyə nə nəzəri, nə də praktiki baxımdan qayıdış mümkün deyil. Hazırda Ruben Vardanyan fiqurunu yenidən gündəmə gətirmək üçün müxtəlif taktikalardan istifadə olunur. Mən hesab edirəm ki, bu, uğursuz yanaşmadır. Ruben Vardanyan artıq Azərbaycan məhkəməsi tərəfindən layiq olduğu cəzanı alıb. Hərçənd mənim fikrimcə, ona ömürlük həbs cəzası verilməli idi”.
Bunu hərbi ekspert Üzeyir Cəfərov 1xeber.media-ya açıqlamasında deyib.
O qeyd edib ki, Ruben Vardanyan Moskva tərəfindən xüsusi hazırlanaraq Qarabağa göndərilmiş bir separatçı idi:
“Nəticədə o, həbs olundu və hazırda Azərbaycan qanunları qarşısında cəzasını çəkir. Azərbaycan suveren dövlətdir və heç kim bu məsələdə ona təzyiq göstərə bilməz. Bəzi beynəlxalq qurumlar, eləcə də Rusiyanın özü və ATƏT-in keçmiş həmsədr ölkələri bu istiqamətdə müəyyən təzyiq cəhdləri göstərirlər. Xüsusilə Ruben Vardanyanın “xanımı” müxtəlif kabinetlərdə görüşlər keçirir, müxtəlif məclislərdə özünə, öz tərbiyəsinə və əxlaqına yaxın olan insanlarla bir araya gələrək Ruben Vardanyanla bağlı kampaniya aparır. Vaxtında düşünmək lazım idi ki, milyardlarla sərvəti olan bir şəxs niyə birdən-birə Azərbaycan ərazisinə gəldi və burada müxtəlif qanunsuz fəaliyyətlərlə məşğul oldu. Sonunu isə hamı gördü. Arayik Harutyunyan, Bako Saakyan və digər separatçı rəhbərlərlə birlikdə müxtəlif vəzifələr tuturdular, bəyanatlar verirdilər. Onlara vəd edilmişdi ki, qondarma rejimin süqutundan sonra Ermənistana aparılacaq və orada yüksək vəzifələr veriləcək. Göründüyü kimi, onların havadarları da bu gün heç nə edə bilmirlər”.

O qeyd edib ki, qanun qanundur və qanun qarşısında hamı bərabərdir:
“Bu, Ruben Vardanyana da, digər separatçılara da aiddir. Buna görə də səsləndirilən bəyanatların nə hüquqi əsası var, nə də hər hansı real nəticə doğurmaq imkanına malikdir. Bunlar sadəcə gündəm yaratmaq cəhdidir. Beynəlxalq hüquq separatçılıq və bölücülüklə məşğul olan şəxslərə qarşı prinsipial mövqe nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyü 30 ilə yaxın müddətdə həmin böyük dövlətlər tərəfindən təmin olunmadı. Məsələ illərlə uzadıldı. Lakin sonda Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz və Silahlı Qüvvələrimiz Ruben Vardanyan və onun cinayətkar dəstəsini darmadağın etdi. Bütün bunlar artıq mənasız müzakirələrdir. Ruben Vardanyan cəzasını çəkəcək. Hazırda onun nə qədər müddətə cəza çəkəcəyini demək çətindir”.

Aysel