Вернуться назад Распечатать

Məleykə Abbaszadədən abituriyentlərə müraciət: "Yaxın günlərdə..."

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edərək ixtisas seçimi zamanı rəsmi və etibarlı məlumat mənbələrindən istifadə etməyin vacibliyini vurğulayıb.

1xeber.media-nın məlumatına görə, o bildirib ki, bu məqsədlə "Abituriyent" jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr olunacaq və ixtisas seçiminə başlamazdan əvvəl hər bir abituriyentin jurnalla diqqətlə tanış olması tövsiyə edilir.

Məleykə Abbaszadənin sözlərinə görə, jurnalda ixtisas seçimi elanı, müsabiqə şərtləri, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu, eləcə də seçim prosesində lazım olacaq digər mühüm məlumatlar yer alıb.

DİM sədri xüsusilə jurnalda dərc olunan psixoloq tövsiyələrinə diqqət yetirməyi məsləhət görüb. O qeyd edib ki, həmin məqalədə peşə seçimi zamanı yaranan qərarsızlığın səbəbləri izah edilir, maraq, bacarıq, dəyərlər və real imkanların birlikdə qiymətləndirilməsi əsasında peşə seçiminin necə formalaşdırılacağı göstərilir. Bundan başqa, peşələri daha yaxından tanımaq və bacarıqları inkişaf etdirmək üçün praktik tövsiyələr də təqdim olunur.

Məleykə Abbaszadə vurğulayıb ki, ən uyğun peşə yalnız insanın yaxşı bacardığı sahə deyil, eyni zamanda onun maraqlarına, dəyərlərinə və gələcək inkişaf planlarına uyğun olan peşədir.

O əlavə edib ki, "Abituriyent" jurnalı Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün vahid formada – Azərbaycan dilində hazırlanıb. Nəşrdə həm Azərbaycan, həm rus bölməsi, həm də hər iki bölmə üzrə qəbul aparılan ixtisaslar barədə məlumatlar yer alır.

DİM sədri bütün abituriyentlərə uğurlu, düşünülmüş və gələcək həyatlarına düzgün istiqamət verəcək ixtisas seçimi arzulayıb.