1xeber.media xəbər verir ki, pilotsuz aviasiya sahəsi üzrə ekspert, Kompleks Pilotsuz Həllər Mərkəzinin baş konstruktoru Dmitri Kuzyakin Rusiya ordusunun gələcəkdə tankları FPV dronlarla birlikdə tətbiq edə biləcəyini iddia edib.
Onun TASS-a verdiyi açıqlamaya görə, Rusiya Silahlı Qüvvələrinin arsenalında artıq FPV dronlarla təchiz edilmiş zirehli texnikalar mövcuddur. Kuzyakin bildirib ki, tank heyətlərinin kamikadze tipli FPV dronlardan istifadə imkanları təhlil edilib və onların uzaq məsafələrdə kəşfiyyat aparmaq, eləcə də hədəfləri məhv etmək bacarığı qiymətləndirilib.
Ekspertin fikrincə, aktiv hücum əməliyyatları zamanı və cəbhə xətti yarıldıqdan sonra adi dronlar əvvəlki qədər həlledici rol oynamaya bilər. O hesab edir ki, belə şəraitdə irəliləyiş əsasən tanklar, zərbə helikopterləri və artilleriyanın dəstəyi ilə həyata keçirilə bilər.
Kuzyakin əlavə edib ki, gələcəkdə ağır zirehli texnikanın FPV dronların müşayiəti ilə irəliləməsi mümkündür. Onun sözlərinə görə, bunun üçün müvafiq taktika və hazırlıq vacibdir.
Qeyd edək ki, bu fikirlər Dmitri Kuzyakinin şəxsi qiymətləndirməsidir və müharibənin gedişi ilə bağlı proqnoz xarakteri daşıyır.