1xeber.media xəbər verir ki, ABŞ-ın Axios nəşri Prezident Donald Tramp administrasiyasının ölkə iqtisadiyyatı ilə bağlı irəli sürdüyü iddialı proqnozların reallıqla üst-üstə düşmədiyini yazıb.
Nəşrin məlumatına görə, Tramp və komandasının ABŞ iqtisadiyyatının illik 6 faiz artacağı ilə bağlı vədləri gerçəkləşməyib. Bildirilir ki, 2025-ci ilin əvvəlindən etibarən ölkənin ÜDM-i illik hesablamada təxminən 2 faiz artıb ki, bu da uzunmüddətli iqtisadi tendensiyalara uyğun qiymətləndirilir.
Məqalədə qeyd olunur ki, idxal rüsumlarının təsiri və İran ətrafında yaranmış gərginlik iqtisadi artım tempinə mənfi təsir göstərib. Bununla yanaşı, istehlak xərclərinin artması və süni intellekt sahəsindəki inkişaf iqtisadiyyata müəyyən dəstək verib və nəticədə ziddiyyətli iqtisadi mənzərə formalaşıb.
Axiosun həmsöhbətlərindən biri, ABŞ Maliyyə Nazirliyinin keçmiş müşaviri Cozef Lavornya bildirib ki, iqtisadiyyatın 6 faiz artması hazırkı şəraitdə real görünmür. Onun sözlərinə görə, bunun baş verməsi üçün məhsuldarlıqda indiyədək müşahidə olunmayan səviyyədə sıçrayış tələb olunur.
Nəşr həmçinin yazır ki, Tramp "Amerikanın qızıl dövrü"nün başladığını bəyan etsə də, seçicilər bu cür nikbin proqnozlara əvvəlki qədər inanmırlar. Reuters/Ipsos-un son sorğusuna əsasən, son on ilə yaxın müddətdə ilk dəfə olaraq amerikalılar iqtisadi siyasət məsələlərində demokratlara respublikaçılardan daha çox etibar etdiklərini bildiriblər.
Bunun fonunda ABŞ iqtisadiyyatının artım tempi ikinci rübdə illik hesablamada 1,5 faizə enib. Birinci rübdə bu göstərici 2,1 faiz təşkil etmişdi.