Вернуться назад Распечатать

ABŞ-da Rusiyaya görə yeni nüvə doktrinası narahatlıq yaradıb

ABŞ-ın yeni nüvə doktrinası Rusiya və Çinlə mümkün qarşıdurma riskini artıraraq bəşəriyyət üçün ağır nəticələrə səbəb ola bilər. Bu barədə Silahlara Nəzarət Assosiasiyasının (ACA) icraçı direktoru Dəril Kimbal Lenta.ru-ya müsahibəsində bildirib.

1xeber.media xəbər verir ki, Kimbalın sözlərinə görə, ABŞ-ın taktiki nüvə silahından mümkün istifadə ilə bağlı müddəanı yeni strategiyaya daxil etmək cəhdi qlobal sabitlik üçün ciddi təhlükə yaradır. O qeyd edib ki, belə bir yanaşma regional münaqişənin qısa zamanda genişmiqyaslı nüvə qarşıdurmasına çevrilməsi riskini artırır.

“ABŞ, Rusiya və ya Çinin nə qədər nüvə silahına malik olmasından və hansı strategiyadan istifadə etməsindən asılı olmayaraq, regional münaqişədə nüvə silahının ilk tətbiqi son dərəcə təhlükəli olar. Çünki nüvə müharibəsi başladıqdan sonra onun tammiqyaslı qlobal termonüvə müharibəsinə çevrilməsi ehtimalı çox yüksəkdir və bu, ilk saatlar ərzində yüz milyonlarla insanın həyatına son qoya bilər”, – deyə ekspert bildirib.

Bundan əvvəl NBC News telekanalı Pentaqonun Rusiya və ya Çinlə mümkün regional münaqişə halında tətbiq ediləcək məxfi nüvə strategiyası hazırladığını xəbər vermişdi. Bildirilir ki, sənəddə döyüş əməliyyatları zamanı qısa mənzilli taktiki nüvə silahından mümkün istifadə ssenarilərinə xüsusi diqqət ayrılır.