Вернуться назад Распечатать

Birinci Qarabağ müharibəsində törədilən cinayətlərin araşdırılması davam etdirilməli idi - Beynəlxalq hüquq üzrə ekspert

“Birinci Qarabağ müharibəsi zamanı baş vermiş cinayət faktları, o cümlədən son illərdə aşkar edilən kütləvi məzarlıqlar, toplanmış sübutlar və digər materiallar əsasında həmin cinayət işlərinin də davam etdirilməsi vacibdir. Bu məsələlər təkcə milli məhkəmələrdə deyil, zərurət yarandığı halda beynəlxalq hüquqi mexanizmlər çərçivəsində də araşdırılmalıdır. Xüsusilə Xocalı soyqırımı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı mülki şəxslərə qarşı törədildiyi iddia olunan işgəncələr, yaşayış məntəqələrinin hədəfə alınması, Cenevrə konvensiyalarının və beynəlxalq humanitar hüquq normalarının pozulması hazırkı hüquqi araşdırmaların əsas predmetlərindən biridir”.

Bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov 1xeber.media-ya açıqlamasında deyib.
O qeyd edib ki, hazırda Ruben Vardanyan və onunla birlikdə təqsirləndirilən şəxslərlə bağlı Baş Prokurorluq tərəfindən irəli sürülmüş ittihamlar Azərbaycan ərazisində törədildiyi iddia olunan cinayət faktlarına və Azərbaycan vətəndaşlarına qarşı törədilmiş əməllərə əsaslanır:
“İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinin raket və artilleriya hücumlarına məruz qalması, kaset sursatlarından istifadə edilməsi ilə bağlı irəli sürülən iddialar beynəlxalq humanitar hüququn və müharibə qanunlarının pozulması kimi qiymətləndirilir. Bütün bunlar göstərir ki, söhbət ilk növbədə Azərbaycan vətəndaşlarına və Azərbaycan ərazisində törədildiyi iddia olunan cinayət faktlarından gedir. Bu səbəbdən həmin əməllərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq milli məhkəmələr tərəfindən araşdırılması hüquqi baxımdan əsaslandırılır”. 
O bildirib ki, ittihama görə, təqsirləndirilən şəxslərin fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə və konstitusiya quruluşuna qarşı yönəlmiş əməllərlə bağlı olduğundan, bu məsələlərə Azərbaycan məhkəmələri tərəfindən hüquqi qiymət verilməlidir:
“Bu məhkəmə prosesi əsasən İkinci Qarabağ müharibəsi zamanı törədildiyi iddia olunan cinayətlər, beynəlxalq humanitar hüququn və müharibə qanunlarının pozulması faktlarını əhatə edir. Bununla yanaşı, Birinci Qarabağ müharibəsi dövründə törədilmiş insanlığa qarşı cinayətlər, xüsusilə Xocalı soyqırımı, mülki əhaliyə qarşı törədilən digər ağır cinayətlər və beynəlxalq hüququn pozulması ilə bağlı faktlar da hüquqi baxımdan aktuallığını qoruyur”.

Aysel