"Azərbaycan hələ sovet dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normaları çərçivəsində həllini təklif etdi. Təəssüf ki, erməni millətçiləri xaricdən dəstək alıb buna getmədilər, torpaqlarımızı işğal etdilər. Azərbaycan öz gücünə torpaqları işğaldan azad etdi, suverenliyini bərpa etdi, Ermənistanla şərti sərhədə çıxdıq".
1xeber.media xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, o dövrdə də Ermənistanda revanşist əhval-ruhiyyə güclü idi:
"Azərbaycan sülh müqaviləsi imzalanmasını və bunun üçün 5 əsas prinsipi təklif etdi. Maraqlı odur ki, həmişə Azərbaycanın təşəbbüslərində nəsə bir boşluq axtaran erməni tərəfi həmin 5 prinsipin birinə də imtina edə və yaxud da irad bildirə bilmədi. Son nəticədə sülh müqaviləsinin mətni məhz həmin 5 prinsiplə tərtib edildi. Artıq bir ildir ki, sülh müqaviləsi paraflanıb, ABŞ-ın burda təşəbbüsü qiymətləndirilməlidir. Əgər Ermənistanın əsas qanununda, konstitusiyasında Azərbaycana ərazi iddiası olmasa, Azərbaycan müqaviləni günü bu gün imzalaya bilər. Azərbaycan müharibə bitəndən 6 ildir ki, həmin konstitusiyanın o hissəsinin dəyişilməsini təklif edir".
Deputat bildirib ki, Ermənistanda yeni konstitusiya üzərində iş gedir: "Həmin müddəanın olub-olmaması məlum deyil və Azərbaycan Ermənistan tərəfdən konkret cavab gözləyir. Bununla belə, biz mehriban qonşuluq münasibətlərimizdə maraqlı olduğumuzu sübut edirik. Azərbaycan ərazisindən keçməklə Ermənistana yanacaq, ərzaq məhsulları, taxıl göndərilir. Bütün bunlar göstərir ki, Ermənistan tərəfi Azərbaycanla yaxşı münasibətlərin nə qədər ölkəsi üçün faydalı olduğunu hiss etsin. Əgər yeni qəbul ediləcək konstitusiyada Azərbaycanın suverenliyi, sərhəd toxunulmazlığına hörmətlə yanaşılacaqsa, Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasına, ikitərəfli normal qonşuluq münasibətlərinin qurulmasına həmişə hazırdır".
Qeyd edək ki, avqustun 8-i Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanmasının bir ili tamam olur.