"Bank BTB” ASC-bin baş ofisinin yerləşdiyi bina "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) verilib.
1xeber.media Plat.az-a istinadla bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 ünvanında yerləşən sözügedən binada ABB-nin şöbəsi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində, "Bank BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə, ABB ilə "Bank BTB” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmış və həmin müqaviləyə uyğun olaraq "Bank BTB” ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi tamamlanıb.
Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə "Bank BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq "Bank BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.
Əlavə məlumat üçün deyək ki, "Bank BTB” Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.
Qeyd edək ki, mövzu ilə bağlı ABB-yə sorğu göndərilib.

