Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov 1xeber.media-ya bildirib ki, qanun layihəsinin məzmunundan görünür ki, burada kifayət qədər sərt sanksiyalar nəzərdə tutulur:
“Faktiki olaraq sosial şəbəkələr və internet platformaları dövlət orqanları ilə sıx əməkdaşlıq etməli, tələb olunan məlumatları qısa müddətdə təqdim etməlidirlər. Bu tələblər əsasən zərərli informasiya, azyaşlıların sosial şəbəkələrdəki fəaliyyəti və yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı məsələləri əhatə edir. Əslində bu yanaşma dünya təcrübəsinə də uyğundur. Bu, yalnız Azərbaycana xas tendensiya deyil. Hazırda bir çox ölkədə azyaşlıların internet təhlükəsizliyi, sosial şəbəkələrdən istifadəyə nəzarət və platformaların dövlət qurumları ilə əməkdaşlığı istiqamətində oxşar addımlar atılır. Yerli platformalara gəldikdə isə, onlar qanunun tələblərinə əməl etmədikləri təqdirdə ciddi sanksiyalarla üzləşə bilərlər. Əsas məsələ xarici sosial şəbəkələr və internet platformaları ilə bağlıdır. Çünki bazarda fəaliyyət göstərən əsas platformalar yerli deyil. Onların bu tələblərə necə əməl edəcəyi əsas müzakirə mövzusudur. Əgər tələbləri yerinə yetirməsələr və bloklama tədbirləri tətbiq olunsa, istifadəçilərin VPN kimi vasitələrlə həmin məhdudiyyətləri aşması mümkündür. Bu imkan artıq mövcuddur”.
O deyib ki, nüfuzlu beynəlxalq internet platformaları digər ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərirlərsə, Azərbaycanda da qanunun tələblərinə əməl etmələri və dövlət orqanları ilə əməkdaşlıq etmələri məntiqli görünür:
“Əks halda, sanksiyalarla üzləşmələri onların işgüzar nüfuzuna da mənfi təsir göstərə bilər. Ümumilikdə isə bu dəyişikliklərin Azərbaycanın internet məkanında istifadəçilərin daha məsuliyyətli davranışına stimul verəcəyi gözlənilir. Bu yanaşma da beynəlxalq praktikaya uyğundur. Qanun layihəsinin əsas məqsədlərindən biri də azyaşlıların sosial şəbəkələrdən və internet resurslarından nəzarətsiz istifadəsinin qarşısını almaq, eyni zamanda platformaların dövlət qurumları ilə əməkdaşlıq mexanizmini gücləndirməkdir. Bu mexanizmlərin praktikada necə işləyəcəyini isə qanun tətbiq edildikdən sonra görmək mümkün olacaq”.
Aysel