Sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Yaltaya hücum etdiyi iddia olunan pilotsuz dəniz katerinin görüntüsü yayılıb.
1xeber.media xəbər verir ki, fotonu Mash "Telegram" kanalı dərc edib.
Yayılan görüntüdə dəniz səthində hərəkətsiz vəziyyətdə olduğu görünən pilotsuz kater əks olunub. Şəklin sahildən hansı məsafədə çəkildiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, avqustun 7-də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz dəniz katerləri ilə Yaltaya hücum etdiyi barədə məlumat yayılmışdı. Krımın operativ qərargahı təhlükə ilə əlaqədar sakinlərə və turistlərə sahilboyu ərazini tərk etmələri barədə xəbərdarlıq etmişdi.
Bundan əvvəl, iyulun 22-nə keçən gecə də Yalta hava hücumuna məruz qalmışdı. Həmin vaxt pilotsuz uçuş aparatlarından biri yaşayış binasına düşmüş, nəticədə 17 mülki şəxsin xəsarət aldığı bildirilmişdi.