Вернуться назад Распечатать

İranın gizli şəbəkələri: Tehran təsir imkanlarını necə genişləndirir?

“İran dövlət aparatı uzun illərdir regionda və Yaxın Şərqdə ən aktiv və geniş fəaliyyət şəbəkəsinə malik dövlət strukturlarından biri kimi çıxış edir. Türkiyə ilə yanaşı, İranın da regionda uzunmüddətli və sistemli fəaliyyət təcrübəsinə malik olduğu müşahidə olunur. Bu baxımdan, İranın illər ərzində müxtəlif ölkələrdə kəşfiyyat, proksi və digər təsir şəbəkələri formalaşdırması təsadüfi deyil”.

Bunu politoloq Turab Rzayev 1xeber.media-ya açıqlamsında deyib.

O qeyd edib ki,  İran bu fəaliyyətini yalnız kəşfiyyat orqanları vasitəsilə həyata keçirmir:

“Dini dövlət olması səbəbindən dini icmalar, müxtəlif dini qruplar və ideoloji şəbəkələr də İranın xaricdə təsir imkanlarının formalaşdırılmasında mühüm rol oynayır. Xüsusilə şiə əhalinin çoxluq təşkil etdiyi və ya əhəmiyyətli sayda olduğu ölkələrdə İranın təsir imkanlarından istifadə etdiyi görünür. Yəmən, Livan, Suriya, İraq və Bəhreyn buna nümunə göstərilə biləcək ərazilərdir. Bununla belə, İranın təsir siyasəti yalnız şiə əhalinin yaşadığı ərazilərlə məhdudlaşmır. Məsələn, sünni əhalinin üstünlük təşkil etdiyi Fələstin kimi ərazilərdə də İran müxtəlif siyasi, dini və digər şəbəkələr vasitəsilə təsir imkanları formalaşdırmağa çalışır. Bu isə İranın regional siyasətində dini amillə yanaşı, siyasi və strateji maraqların da mühüm rol oynadığını göstərir. Digər mühüm istiqamət İran diasporudur. İran mənşəli icmalar Avropa və Şimali Amerikada geniş şəkildə fəaliyyət göstərir. İranın müəyyən hallarda diaspor imkanlarından da öz maraqları istiqamətində istifadə etdiyi barədə müxtəlif məlumatlar mövcuddur. Eyni zamanda, İranın müxtəlif kriminal strukturlarla əlaqələri və qeyri-qanuni maliyyə mexanizmlərindən istifadə etməsi ilə bağlı da uzun illərdir müxtəlif iddialar səsləndirilir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi və bu sahədən əldə olunan vəsaitlərin müxtəlif silahlı və qeyri-qanuni qruplaşmaların maliyyələşdirilməsində istifadə olunması barədə iddialar mövcuddur”.

O qeyd edib ki, İranın fəaliyyət şəbəkəsi kifayət qədər çoxşaxəlidir və gələcəkdə bu şəbəkələrin müxtəlif istiqamətlərinin daha geniş şəkildə üzə çıxarılması mümkündür:

“İranın fəaliyyət göstərdiyi əsas istiqamətlərdən biri də kiberməkandır. Ölkə uzun müddətdir kiberhücumlar və kiber-casusluq fəaliyyəti ilə bağlı beynəlxalq hesabatlarda adı çəkilən dövlətlər sırasındadır. Bu baxımdan İranın adı Çin, Rusiya və Şimali Koreya ilə birlikdə ən aktiv kiber fəaliyyət göstərən dövlətlər sırasında çəkilir. Hazırkı geosiyasi vəziyyət fonunda İranın mövcud şəbəkələrindən daha geniş istifadə etməsi də mümkündür. İran son illərdə bir sıra hərbi qarşıdurmalar və hücumlarla üzləşib. Belə vəziyyətdə dövlətin əlində olan müxtəlif təsir və cavab mexanizmlərindən daha intensiv istifadə etməsi gözləniləndir. Hətta uzun müddət aktiv olmayan və ya gizli saxlanılan şəbəkələrin, başqa sözlə, “yatmış hüceyrələrin” müəyyən şəraitdə aktivləşdirilməsi ehtimalını da istisna etmək olmaz. Bu baxımdan, İranın həm regionda, həm də regiondan kənarda fəaliyyət göstərən kəşfiyyat, proksi, dini və kiber şəbəkələrinin gələcək dövrdə daha fəal şəkildə gündəmə gəlməsi mümkündür”.

Aysel