Вернуться назад Распечатать

"Xocalı Ensiklopediyası"nın təqdimatı oldu

 Avqustun 7-də Xocalı şəhərində "Xocalı Ensiklopediyası"nın təqdimatı keçirildi.

1xeber.media xəbər verir ki,Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2026-cı ildə çap edilmiş Ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı, müəllifləri professor Mübariz Allahverdiyev, Rüstəm Hacıyev və Dürdanə Əliyevadır. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "Xocalı Ensiklopediyası" 4  hissədən ibarətdir. 1-ci hissədə Xocalının tarixi, coğrafiyası, memarlıq, arxeoloji abidələri və Xocalı soyqırımı barədə məlumat yer alıb. 2-ci hissə Xocalı soyqırımı qurbanlarının ( həlak olanlar, itkin düşənlər, sağ qalanlar) dəhşətli həyat hekayələrindən ibarətdir. 3-cü hissə Xocalının görkəmli şəxsiyyətlərindən bəhs edir. 4-cü hissədə isə ilk dəfə olaraq Xocalı bəyləri və onların şəcərələri barədə məlumat verilib. Ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı çıxışında bu sənədli əsərin 3 ilə ərsəyə gəldiyindən danışdı.

Xocalıdan olan deputat Elman Məmmədov isə "Xocalı Ensiklopediyası"nın bu gün azad  Xocalıda təqdimatının keçirilməsinin qürurverici olduğunu, Xocalı haqqında lazımi bilgilərin, soyqırımla bağlı rəsmi sənədlərin də dərc olunduğu bu kitabın göz bəbəyi kimi qorunaraq, gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğuladı.Digər çıxış edənlər də Xocalı  ziyalıları və ictimai xadimləri, xüsusilə Xocalı bəyləri haqqında burda  dərc olunan məlumatların böyük maraqla qarşılanacağını bildirdilər.

O da qeyd edildi ki, Xocalıda 46 bəy olub və onlardan bəziləri barəsində məlumatlar əldə etmək mümkün olub. “Xocalı Ensiklopediyası”nın təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mənzil fondunun idarəedilməsi və məskunlaşma departamentinin Xocalı şöbə müdiri Zahid Təhmızov isə  bildirdi ki, bu gün artıq biz faciədən, kədərli tarixdən yox, dirçələn, həyatın yenidən qayıtdığı, uşaq gülüşlərinə bürünən Xocalıdan danışırıq və bu gün 4 mindən çox Xocalı sakini yurduna qayıdıb.