Вернуться назад Распечатать

Uşaqları internet təhlükələrindən qorumaq üçün nə etməliyik?

“Uşaqların günün böyük hissəsini telefon, planşet və sosial şəbəkələrdə keçirməsi internet təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Sosial platformalarda faydalı və maarifləndirici məlumatlarla yanaşı, uşaqların psixologiyasına mənfi təsir göstərə biləcək müxtəlif məzmunlar da mövcuddur”.

Bunu informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov 1xeber.media-ya açıqlamasında deyib.

O bildirib ki, son qanunvericilik dəyişiklikləri uşaqların internetdə müdafiəsinin gücləndirilməsini və sosial şəbəkə platformalarının üzərinə əlavə öhdəliklərin qoyulmasını nəzərdə tutur:

“Müvafiq tələblərin pozulmasına görə platformaların ciddi maliyyə sanksiyaları ilə üzləşməsi də mümkündür. Yeni yanaşmalar sosial şəbəkə şirkətlərini uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmağa məcbur edir. Platformalarda bunun üçün müxtəlif texniki mexanizmlərdən istifadə olunur. Bunlara istifadəçinin yaşının müəyyənləşdirilməsi, uyğun olmayan məzmunların avtomatik filtrasiyası və uşaq hesablarında məxfilik parametrlərinin gücləndirilməsi daxildir”.

O qeyd edib ki, bəzi platformalarda süni intellekt əsaslı texnologiyalar vasitəsilə azyaşlı istifadəçilərin yaş məhdudiyyəti olan məzmuna çıxışının qarşısının alınması üçün tədbirlər görülür:

“Eyni zamanda şiddət, təhqir və uşaqlar üçün uyğun olmayan digər materialların aşkarlanaraq məhdudlaşdırılması məqsədilə avtomatik məzmun filtrlərindən istifadə edilir. Uşaq hesablarında məxfilik parametrlərinin daha sərt şəkildə tətbiq olunması da əsas təhlükəsizlik tədbirlərindən biridir. Bu, tanımadığı şəxslərin uşaqlarla əlaqə saxlaması və onlara mesaj göndərməsi riskini azaltmağa imkan verir. Uşaqların internetdə təhlükəsizliyinin təmin olunmasında valideynlərin nəzarəti də mühüm rol oynayır. Bunun üçün xüsusi texniki biliklərə ehtiyac yoxdur. Valideynlər Android cihazlarda “Parental Controls”, iPhone və iPad cihazlarında isə “Screen Time” funksiyasından istifadə etməklə yaşa uyğun məhdudiyyətlər tətbiq edə bilərlər. Uşaqlar üçün nəzərdə tutulmuş xüsusi tətbiqlərdən, o cümlədən “YouTube Kids” platformasından istifadə də daha təhlükəsiz seçimlərdən biri hesab olunur”.

Ekspert sonda qeyd edib ki, uşaqların sosial şəbəkə hesablarının “Private” rejimində saxlanılması tövsiyə olunur:

“Bu halda hesabın məzmununa çıxış və yad şəxslərin istifadəçi ilə əlaqə imkanları məhdudlaşdırıla bilər. Valideynlərin uşaqlara rəqəmsal təhlükəsizlik qaydalarını izah etməsi də vacibdir. Uşaqlara ev ünvanı, məktəb, telefon nömrəsi, şəxsi fotolar və digər məlumatları tanımadıqları şəxslərlə paylaşmamağın əhəmiyyəti başa salınmalıdır. Beləliklə, uşaqların internetdə təhlükəsizliyinin təmin olunması yalnız sosial şəbəkə platformalarının və dövlət qurumlarının deyil, həm də valideynlərin üzərinə düşən məsuliyyətdir. Qanunvericilik tədbirləri və texnoloji imkanlarla yanaşı, ailədə düzgün rəqəmsal vərdişlərin formalaşdırılması uşaqların onlayn mühitdə qorunmasında mühüm əhəmiyyət daşıyır”.

Aysel