Dünyaca məşhur aktyor Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bir hissəsi Azərbaycanda çəkilir.
1xeber.media xəbər verir ki, filmin istehsalı ilə Qazaxıstanın “Salem Entertainment” kinokompaniyası məşğul olur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli 196 nömrəli qərarı ilə təsdiqlənmiş “Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”na əsasən, xarici prodüserin Azərbaycanda çəkdiyi xərclərin 25 faizi geri ödənilə bilər.
Məlumat üçün bildirək ki, “Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycandakı çəkilişlər zamanı nə qədər vəsait xərcləyəcəyi açıqlanmayıb. Lakin, Qazaxıstanın “El.kz” dövlət informasiya resursu investorların “Tanrının zirehi 4: Ultimatum” filmi üçün 50 milyon dollar ayırdığını yazıb.
Filmin əsas çəkiliş məkanı Qazaxıstan olduğu üçün Azərbaycanda təxminən 10 gün davam edəcək çəkilişə daha az vəsait sərf olunacağı ehtimal olunur.
Qazaxıstan mətbuatının yazdığına görə, filmin çəkilişləri iyuldan oktyabr ayına qədər davam edəcək. Fasilələr nəzərə alınmaqla faktiki çəkiliş günlərinin təxminən 60-80 gün olacağı ehtimal edilir. Əgər 50 milyon dollarlıq ümumi layihənin əsas hissəsinin Qazaxıstanda çəkildiyini və Azərbaycanda yalnız ayrı-ayrı səhnələr üçün 10 gün çəkiliş ediləcəyini nəzərə alsaq, Azərbaycan üzrə xərclərin 4-5 milyon dollardan çox olmayacağı gözlənilir.
Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici filmlərə verdiyi maliyyə dəstəyi isə qanunvericilikdə konkret faizlə - 25 faiz müəyyən edilib.
Onu da bildirək ki, qaydalara görə bir film üzrə bir təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1 milyon dollarıdır. Buna görə Azərbaycanda məqbul xərclər 4 milyon dollardan çox olsa belə, əsas 25 faizlik mexanizm üzrə bir il ərzində ödəniləcək məbləğ 1 milyon dolları keçə bilməz.
Bundan başqa, əsas geri ödəniş 25 faiz təşkil etsə də, filmin əlavə mədəniyyət meyarlarına tam cavab verməsi halında daha 15 faiz geri ödəniş mümkündür.
Məsələn, qaydaların 2 nömrəli əlavəsində Azərbaycan vətəndaşının rejissor kimi iştirakına görə 2 faiz, bəzi əsas yaradıcı heyət üzvlərinin Azərbaycan vətəndaşı olmasına görə 1 faiz, filmdə Azərbaycan Dövlət Gerbinin, Bayrağının ən azı 5 saniyə və “Azərbaycan” adının isə azı 3 saniyə kadrda göstərilməsinə görə isə ayrı-ayrılıqda 0,5 faizədək əlavə geri ödəniş nəzərdə tutulur. Azərbaycanda ən azı üç gün bölgələrdə çəkiliş aparılması da 2 faizlik əlavə geri ödəniş meyarlarından biridir.
Beləliklə, qanunvericiliyə əsasən Azərbaycanda çəkilmiş uyğun xərclərin 40 faizə qədəri geri qaytarıla bilər. Lakin, qeyd etdiyimiz kimi, bir film üzrə bir təqvim ilində geri ödənilə biləcək məbləğin yuxarı həddi 1 milyon dollardır.yeniavaz.com