Вернуться назад Распечатать

Ukrayna sərhəd-keçid məntəqələrində ciddi tıxac yaranıb

Ukraynanın quru sərhəd-keçid məntəqələrində yük avtomobillərinin uzun növbələri yaranıb. Son sutka ərzində ölkədən çıxışı gözləyən yük maşınlarının sayı təxminən 1,5 dəfə artaraq 7 754-ə çatıb.

1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın rəsmi elektron nəqliyyat qeydiyyat sisteminin məlumatlarına istinadən TASS məlumat yayıb.

Bildirilib ki, yük avtomobillərinin böyük hissəsi – 6 835 maşın Polşa sərhədində toplanıb. Slovakiya istiqamətində 581, Rumıniya sərhədində isə 325 yük avtomobili növbədə gözləyir.

Ən gərgin vəziyyət Yaqodin–Dorohusk sərhəd-keçid məntəqəsində müşahidə olunur. Burada 2 950 yük maşını növbədədir.

Məlumata görə, yüklü TIR-ların sərhədi keçmək üçün 7 gündən çox, boş yük avtomobillərinin isə 5 gündən artıq gözləməsi tələb oluna bilər. Yalnız 7,5 tona qədər yükdaşıma qabiliyyəti olan nəqliyyat vasitələri üçün növbələr nisbətən qısadır.

Xatırladaq ki, daha əvvəl Ukraynanın dəniz limanlarının faktiki blokadası səbəbindən iyulun 22-dən etibarən ölkənin təxminən 1,05 milyard dollar valyuta gəliri itirdiyi bildirilmişdi.