Вернуться назад Распечатать

Vaşinqton razılaşmaları regionda yeni reallığın möhkəmləndirilməsində mühüm mərhələ oldu

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar uzun illər davam edən qarşıdurmadan sonra regionda yaranmış yeni reallığın diplomatik müstəvidə möhkəmləndirilməsi baxımından mühüm mərhələ oldu.

1xeber.media xəbər verir ki,bunu Report-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, bu prosesin əsas siyasi məntiqi Azərbaycanın münaqişədən dərhal sonra irəli sürdüyü sülh konsepsiyasından qaynaqlanır:

"Prezident İlham Əliyevin təşəbbüsü ilə təqdim edilən beş baza prinsipi iki ölkə arasında münasibətlərin hansı hüquqi və siyasi əsaslar üzərində qurulmalı olduğunu aydın şəkildə müəyyən etmişdi. Suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, ərazi iddialarının yolverilməzliyi, gücdən istifadə edilməməsi, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması kimi prinsiplər sonrakı danışıqlar prosesinin də əsas çərçivəsinə çevrildi. Vaşinqtonda əldə edilmiş nəticələr bu yanaşmanın yalnız ikitərəfli danışıqların predmeti olaraq qalmadığını, beynəlxalq səviyyədə də qəbul edilən və dəstəklənən sülh modelinə çevrildiyini nümayiş etdirdi".

Ü.Zülfiqar onu da xatırladıb ki, ABŞ-nin qeyd olunan prosesdə yüksək səviyyədə iştirakı xüsusi siyasi əhəmiyyət daşıyır:

"Vaşinqtonun iştirakı Azərbaycan-Ermənistan sülh gündəliyinin beynəlxalq siyasi sanbalını artırmaqla bərabər, Azərbaycanın postmünaqişə dövrü üçün irəli sürdüyü yanaşmanın aparıcı beynəlxalq aktorlar tərəfindən dəstəkləndiyini göstərdi.

Bu çərçivədə TRİPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında etibarlı bağlantının təmin olunması ilə yanaşı, daha geniş regional nəqliyyat və ticarət şəbəkələrinin inkişafına imkan yarada bilər. Bu isə Azərbaycan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar deməkdir. Eyni zamanda, regionun Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarında əhəmiyyətinin artması Cənubi Qafqazın qarşılıqlı maraqların kəsişdiyi əməkdaşlıq platformasına çevrilməsinə xidmət edə bilər. Sülhün iqtisadi məzmunla tamamlanması onun uzunmüddətli və dayanıqlı olması üçün mühüm şərtlərdən biridir".

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sənədlər imzalanıb. Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in razılaşdırılmış mətnini paraflayıblar. Ardınca liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalanıb.