Вернуться назад Распечатать

Minsk Qrupunun sonu, "TRIPP" dəhlizinin doğuşu: Ağ Ev razılaşmasının 1 illik xronikası

Vaşinqton razılaşmaları Cənubi Qafqazda yeni geosiyasi reallığın möhkəmləndirilməsində ən mühüm mərhələyə çevrilib.

1xeber.media xatırladır ki, 8 avqust 2025-ci il tarixində Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmış üçtərəfli Birgə Bəyannamədən düz bir il ötür. Bu sənəd regionda onilliklərdir davam edən qarşıdurmaya son qoyaraq, bölgəni sülh, beynəlxalq logistika və dayanıqlı iqtisadi tərəfdaşlıq məkanına çevirən əsas dönüş nöqtəsi hesab olunur.

Regionda Güc Balansını Dəyişən Hüquqi Reallıq
Siyasi ekspertlərin rəyinə görə, Vaşinqton sammiti sadəcə bəyanatlardan ibarət olmayıb, Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik masada qazandığı zəfərlərin qlobal miqyasda rəsmiləşdirilməsi mərhələsinə çevrilib. Sənədin məhz ABŞ-nin vasitəçiliyi və şahidliyi ilə imzalanması Cənubi Qafqazda diplomatik proseslərin xarakterini kökündən dəyişib.
Razılaşmanın ən mühüm siyasi nəticələrindən biri kimi, iki ölkənin ATƏT-in Minsk qrupunun rəsmən ləğvi üçün təşkilat rəhbərliyinə birgə müraciət ünvanlaması olub. Bununla da 30 ildən artıq davam edən və heç bir nəticə verməyən vasitəçilik mexanizmi tarixə gömülüb, kənar qüvvələrin regiona müdaxilə rıçaqları sıradan çıxarılıb.
"Tramp Marşrutu" və İqtisadi Dividentlər
Bəyannamənin ən strateji bəndlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunmasıdır. ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsü və zəmanəti ilə beynəlxalq ticarətdə "Tramp Marşrutu" (TRIPP - Trump Route for International Peace and Prosperity) adını alan bu xətt, Asiya ilə Avropanı birləşdirən ən təhlükəsiz qlobal logistik koridora çevrilib.
Eyni zamanda, Ağ Evin Azərbaycana qarşı uzun illərdir tətbiq edilən ədalətsiz 907-ci düzəlişi tamamilə dayandırması Bakı-Vaşinqton xəttində strateji işçi qrupunun formalaşmasına və ardınca iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasına zəmin yaradıb.
Ötən Bir İlin Praktiki Nəticələri
Ötən 12 ay göstərdi ki, Vaşinqtonda əldə olunan razılaşmalar kağız üzərində qalmayıb. Azərbaycan bəyannamənin ruhuna sadiq qalaraq dərhal praktiki və humanitar addımlar atıb. Ermənistanın enerji təhlükəsizliyinə töhfə olaraq neft və dizel tədarükü təmin edilib, qonşu ölkəyə aid minlərlə ton tranzit yükünün Azərbaycan ərazisindən təhlükəsiz keçişinə şərait yaradılıb. İki ölkə arasında sərhədlərin delimitasiyası üzrə əsasnamə layihələri də uğurla icra olunmağa başlanıb.
Bölgədəki bu hərbi-siyasi risklərin sıfırlanması beynəlxalq maliyyə nəhənglərinin də diqqətindən qaçmayıb. "Fitch" və "S&P Global" kimi reytinq agentlikləri öz hesabatlarında Vaşinqton formatını regionda sabitliyi təmin edən və hər iki ölkənin investisiya cəlbediciliyini artıran ən mühüm amil kimi qiymətləndiriblər.
Qarabağ mövzusunun dövlətlərarası sənədlərdən və müzakirə masasından tamamilə çıxarılması isə rəsmi Bakının prinsipial mövqeyinin və diktə etdiyi sülh gündəliyinin növbəti qələbəsi olub. Vaşinqton bəyannaməsi regionda revanşizm meyllərinin qarşısını alan və Cənubi Qafqazda geri dönməz sülhün qapılarını açan tarixi bir fundament kimi əhəmiyyətini qorumaqdadır.