UEFA-nın FİFA prezidenti Canni İnfantinonun sevgilisi olduğu iddia edilən keçmiş əməkdaşına böyük məbləğdə təzminat ödədiyi bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə The Telegraph öz araşdırmasına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, qadın İnfantinonun UEFA-da baş katib olduğu dövrdə təşkilatda inzibati vəzifədə çalışıb və onların arasında münasibət yarandığı iddia olunur. Dörd uşaq atası olan İnfantinonun onun daha yüksək vəzifəyə təyin olunmasına kömək etdiyi və qadının illik təxminən 198 min dollar maaş aldığı bildirilir.
UEFA rəhbərliyi bu münasibətdən xəbər tutduqdan sonra təşkilatın o zamankı prezidenti Mişel Platininin İnfantinodan vəzifəsi ilə əməkdaş arasında seçim etməsini tələb etdiyi iddia edilir. Nəticədə qadın UEFA-dan ayrılıb.
Bildirilib ki, işdən ayrıldıqdan sonra ona çıxış müavinəti ödənilib və biznes məktəbində MBA proqramında təhsil xərcləri qarşılanıb.
UEFA təzminat faktını təsdiqləyib və ödənişin həmin dövrdə təşkilatdan ayrılan əməkdaşlar üçün qüvvədə olan qaydalara uyğun həyata keçirildiyini bildirib. Təşkilat 2016-cı ildən etibarən müvafiq qaydaların sərtləşdirildiyini qeyd edib.
İnfantino isə FİFA-nın mətbuat xidməti vasitəsilə ittihamları rədd edərək onları böhtan xarakterli və həqiqətə tamamilə uyğun olmayan iddialar adlandırıb. FİFA nümayəndəsinin sözlərinə görə, İnfantinonun davranışı ilə bağlı heç bir UEFA və ya FİFA əməkdaşı şikayət etməyib.