Вернуться назад Распечатать

Vaşinqton sammiti sülh gündəliyinin irəli aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir

Vaşinqton sammiti Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılması və əldə olunmuş siyasi razılaşmaların beynəlxalq dəstəklə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

1xeber.media xəbər verir ki,bu fikirləri Report-a  açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, bu proses, eyni zamanda, Cənubi Qafqazın beynəlxalq təhlükəsizlik gündəliyində artan rolunu və regionda davamlı sülhün təmin edilməsinə aparıcı beynəlxalq aktorların marağını nümayiş etdirir:

"Ona görə də Vaşinqton sammiti xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır. Bu tarix postmünaqişə dövründə diplomatik prosesin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə və Azərbaycanın sülh siyasətinin beynəlxalq legitimliyinin möhkəmləndirilməsi baxımından əlamətdar hadisə hesab oluna bilər. Vaşinqtonda imzalanmış sənədlər isə yalnız siyasi bəyanatlar deyil, gələcək normallaşma prosesinin hüquqi və institusional əsaslarının formalaşdırılmasına xidmət edən mühüm çərçivə sənədləri kimi çıxış edir.

ATƏT-in Minsk qrupu ilə bağlı prosesin 2025-ci il dekabrın 1-də tam şəkildə yekunlaşdırılmasının da əsası məhz Vaşinqton sülh sammitində qoyulmuşdu. Hətta Prezident İlham Əliyevin bu istiqamətdəki diplomatik səylərinə Prezident Donald Tramp Birgə Bəyannaməni şahid qismində imzalamaqla öz dəstəyini ifadə edib".

Deputatın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın diplomatik səyləri Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasına yönəlik təşəbbüslərə yeni impuls verib:

"Prezident İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında qarşılıqlı məktublar və mesajlar ikitərəfli münasibətlərin yüksək səviyyəsini əks etdirməklə yanaşı, sülh prosesinə verilən siyasi dəstəyin mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasının və 2026-cı ilin fevralında müvafiq Xartiyanın Bakıda imzalanmasının əsasında da 2025-ci il avqsutun 8-də Vaşinqtonda imzalanan ikitərəfli Anlaşma Memorandumu dayanır.

Cari ilin iyununda Bakıda keçirilən İqtisadi dialoq çərçivəsində 7,5 milyard ABŞ dolları dəyərində müqavilələrin imzalanması isə əməkdaşlığı ənənəvi enerji tərəfdaşlığından yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrini əhatə edən strateji əhəmiyyətli tərəfdaşlığa yüksəldib".

R.Nəbiyev onu da əlavə edib ki, Azərbaycan və Ermənistan arasında möhkəm sülhün əldə olunacağı təqdirdə, region üçün yeni imkanlar yaranacaq:

"Sülh regional təhlükəsizliyi möhkəmləndirəcək, kommunikasiyaların açılmasını təmin edəcək, iqtisadi inteqrasiyanı sürətləndirəcək və xarici investisiyaları artıracaq. Eyni zamanda, sabit inkişaf məkanına çevirələcək Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının səmərəliliyini yüksəldəcək".

Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyası Azərbaycanın hərbi qələbəsini uzunmüddətli siyasi və hüquqi nəticəyə çevirməyə yönəlmiş strateji xəttdir:

"2020-ci ildə əldə olunmuş hərbi uğurlar və 2023-cü ildə suverenliyin tam bərpası ilə formalaşmış yeni status-kvo məhz Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində yaranıb. Hazırkı mərhələdə əsas vəzifə bu yeni reallığın hüquq müstəvisində tam təsbit edilməsidir. Məhz möhkəm hüquqi baza regionda dayanıqlı əməkdaşlıq modelinin formalaşdırılmasının əsasını təşkil edəcək.

Bu baxımdan, Prezident İlham Əliyevin sülh siyasəti yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas strateji faktor kimi qiymətləndirilə bilər".

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sənədlər imzalanıb. Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in razılaşdırılmış mətnini paraflayıblar. Ardınca liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalanıb.