Вернуться назад Распечатать

Kartdan-karta ödənişlərə yeni qayda —Ekspert nələrin dəyişəcəyini açıqladı

 Azərbaycanda avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta köçürmələrə yeni limitlərin tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, bir kart üzrə gün ərzində maksimum 5 mədaxil və 5 məxaric əməliyyatı həyata keçirmək mümkün olacaq. Dəyişikliklərin rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması və maliyyə əməliyyatlarında şəffaflığın gücləndirilməsi məqsədi daşıdığı bildirilsə də, bu yeniliyin gündəlik ödənişlərə, fərdi sahibkarlara, onlayn ticarətlə məşğul olanlara və adi vətəndaşlara təsiri ilə bağlı müxtəlif suallar yaranıb.

Tanınmış bank eksperti Emin Kərimov 1xeber.media-ya açıqlamasında bildirib ki, maliyyə əməliyyatları ilə bağlı tətbiq edilən yeni qaydaların fiziki şəxslər üçün hər hansı problem yaradacağını düşünmürəm:

“Çünki müəyyən edilən 5 əməliyyat limiti qeyri-kommersiya köçürmələrinə, yəni ailə üzvləri, dost-tanışlar və yaxın, birinci və ikinci dərəcəli qohumlar arasında həyata keçirilən köçürmələrə aiddir. Bu baxımdan, vətəndaşların gündəlik maliyyə əməliyyatları üçün hər hansı ciddi məhdudiyyət yaranmır. Əksinə, bu, kölgə sahibkarlığının şəffaflaşdırılması istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər. Məsələn, hər hansı şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğuldursa və ya evdən müxtəlif məhsul və xidmətlərin satışı ilə məşğuldursa, ödənişləri kartdan-karta köçürmələr vasitəsilə qəbul edirsə, yeni qaydalar həmin şəxslərin bu üsuldan imtina edərək fəaliyyətlərini şəffaflaşdırmasına imkan yaradacaq. Şəxs bu günə qədər kartdan-karta köçürmələr vasitəsilə müəyyən gəlirlərini və dövriyyəsini vergidən yayındırırdısa, artıq bunu əvvəlki formada həyata keçirmək mümkün olmayacaq. Bunun əvəzində fintex şirkətləri və elektron pul təşkilatları tərəfindən təqdim olunan elektron ödəniş linkləri, QR ödənişlər, POS terminallar və mobil POS tətbiqlərindən istifadə etmək mümkündür. Bu imkanlardan yararlanmaq üçün isə sahibkar vergi qeydiyyatından keçməli, VÖEN əldə etməli və fəaliyyətini şəffaf şəkildə bəyan etməlidir”.

O qeyd edib ki, bu, sahibkarlar üçün də müsbət məqamdır:

“Çünki fəaliyyətin şəffaflaşdırılması gələcəkdə dövlətin və bankların təqdim etdiyi maliyyə məhsullarına, xüsusilə kredit və zəmanətlərə daha rahat çıxış imkanı yarada bilər. Eyni zamanda, sahibkarlar dövlət tərəfindən təqdim olunan güzəştlərdən və vergi amnistiyalarından daha rahat yararlana bilərlər. Fiziki şəxslər isə bu qərardan narahat olmamalıdırlar. Çünki qaydaların onların gündəlik şəxsi köçürmələrinə ciddi təsiri gözlənilmir. Orta hesabla bir şəxsin gündə 3-5 maliyyə əməliyyatı həyata keçirməsi adi haldır və müəyyən edilən limit bu göstəricini əhatə edir. Daha çox sayda və şübhəli xarakter daşıyan əməliyyatlardan isə qanunsuz fəaliyyətlərin, o cümlədən elektron kazino, mərc oyunları və digər qeyri-qanuni fəaliyyətlərin maliyyələşdirilməsində istifadə oluna bilər. Yeni qaydalar bu cür əməliyyatların qarşısının alınmasına da müsbət təsir göstərə bilər”.

O sonda deyib ki, dövlət dövriyyədən kənarda qalan vəsaitlərin və gəlirlərin müəyyənləşdirilməsi, həmin dövriyyələrin vergiyə cəlb olunması imkanını genişləndirəcək:

“Ümumilikdə, bu, həm ölkə iqtisadiyyatı, həm də sahibkarlar baxımından vaxtında atılmış addımdır. Eyni zamanda, qanunsuz oyunların və digər qeyri-qanuni fəaliyyətlərin maliyyələşdirilməsinin qarşısının alınmasına da xidmət edə bilər. Bəzi sosial şəbəkə istifadəçiləri yeni qaydaların nağd pula tələbi artıracağını və nəticədə bankomatlarda növbələrin yaranacağını bildirirlər. Lakin düşünürəm ki, qayda özündə belə bir nəticəni ehtiva etmir. Əksinə, fintex məhsullarından və müasir elektron ödəniş imkanlarından daha geniş istifadə həm fintex sektorunun inkişafına, həm də sahibkarların innovativ texnologiyalardan daha səmərəli yararlanmasına şərait yaradacaq. Ümumilikdə, bu, müsbət və məqsədəuyğun təşəbbüsdür. İlkin mərhələdə də alqı-satqı əməliyyatlarında kartdan-karta köçürmələrdən istifadənin məhdudlaşdırılması və bu cür əməliyyatlara görə cərimə sanksiyalarının tətbiqi ilə bağlı yanaşmalar mövcud idi. Yeni qaydalar isə alqı-satqı əməliyyatlarında kartdan-karta köçürmələrdən istifadənin daha da məhdudlaşdırılmasına və sahibkarlıq subyektlərinin innovativ ödəniş texnologiyalarından istifadəyə yönəlməsinə şərait yaradacaq”.

Aysel