Tatarıstanın Nijnekamsk şəhərində səhər saatlarında dron hücumu nəticəsində sənaye və mülki obyektlərə zərər dəyib, ölən və yaralananların olduğu bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə Nijnekamskın meri Radmir Belyayev məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə aid dronların hücumu avqustun 10-da səhər saatlarında başlayıb. Zərbələr şəhərdəki sənaye və mülki obyektlərə endirilib.
Mer bildirib ki, hücum nəticəsində ölənlər var. Onun saat 08:37-də yaydığı məlumata görə, həmin vaxt hücum hələ davam edirdi. Daha sonra hava hücumu xəbərdarlığının başa çatdığı açıqlanıb.
Tatarıstanın rəhbəri Rüstəm Minnixanov operativ müşavirə keçirərək yaralananlara bütün zəruri tibbi yardımın göstərilməsi barədə göstəriş verib.
Nijnekamska əlavə tibbi briqadalar göndərilib. Kazandakı Respublika Klinik Xəstəxanasından beş multidissiplinar briqada, qonşu Naberejnıye Çelnı şəhərindən isə bir briqada bölgəyə cəlb olunub.
Nijnekamsk Mərkəzi Rayon Xəstəxanasında zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün operativ qərargah yaradılıb.
Tatarıstanda hücum nəticəsində həlak olanlarla bağlı matəm elan edilib.