Вернуться назад Распечатать

“8 avqust razılaşması Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin əsasını qoydu”

 “Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanmasına səbəb ola bilər. Bu istiqamətdə real siyasi iradənin nümayiş etdirilməsi və əldə olunan razılaşmaların praktiki müstəviyə keçirilməsi uzun illər davam edən qarşıdurmanın nəticələrinin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Bu sözləri 1xeber.media-ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilk növbədə regionda təhlükəsizlik mühitinə müsbət təsir göstərə bilər:

“Diplomatik münasibətlərin qurulması və əlaqələrin normallaşması sərhəddə gərginliyin azalmasına, qarşılıqlı etimadın formalaşmasına və iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanların yaranmasına şərait yarada bilər. Bunun ardınca nəqliyyat və kommunikasiya xətlərinin açılması da regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıra bilər. Bu baxımdan 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən görüş və imzalanan Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Həmin sənədlə Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, onun imzalanması və ratifikasiyası istiqamətində növbəti addımların atılması vurğulanıb. Eyni zamanda, tərəflər arasında kommunikasiyaların açılmasının vacibliyi bir daha təsdiqlənib”.

O deyib ki, Vaşinqton razılaşması bu mənada yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf modeli baxımından əhəmiyyətlidir:

“Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının təmin edilməsi və TRIPP layihəsi üzrə əməkdaşlığın nəzərdə tutulması regionun nəqliyyat və logistika imkanlarını genişləndirə bilər. Diplomatik münasibətlərin qurulması həmçinin beynəlxalq sərmayələr üçün regionun cəlbediciliyini artıra, ticarət və tranzit imkanlarını genişləndirə bilər. Azərbaycan üçün bu proses postmünaqişə dövründə dayanıqlı regional təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından yeni imkanlar yaradırsa, Ermənistan üçün iqtisadi və nəqliyyat imkanlarının genişlənməsi baxımından mühüm perspektivlər açır. Lakin bütün bunların reallaşması üçün siyasi bəyanatlardan praktiki addımlara keçid vacibdir. Sərhədlərin və kommunikasiyaların açılması, qarşılıqlı əlaqələrin genişləndirilməsi, əldə olunan razılaşmaların icrası və etimad mühitinin formalaşdırılması normallaşma prosesinin əsas göstəriciləri olacaq. Əgər 8 avqust 2025-ci ildə Vaşinqtonda yaranmış siyasi baza ardıcıl şəkildə həyata keçirilərsə, Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması və Cənubi Qafqazda uzunmüddətli sülhün möhkəmlənməsi üçün real imkanlar yarana bilər”.

Aysel