Вернуться назад Распечатать

Bir müddət sonra ölkədə həkim qalmayacaq – XƏBƏRDARLIQ

Son illər Azərbaycanda həkimlərin xarici ölkələrə üz tutması və ya ölkə daxilində özəl sektora keçidi daha çox müzakirə olunan məsələlərdən biridir. Mütəxəssislər bu tendensiyanı əməkhaqlarının səviyyəsi, iş şəraiti, peşəkar inkişaf imkanları və səhiyyə sistemindəki digər amillərlə əlaqələndirirlər. Həkimlərin ölkədən getməsi həm səhiyyə xidmətlərinin keyfiyyəti, həm də kadr təminatı baxımından müəyyən narahatlıqlar yaradır.

Məsələ ilə bağlı professor Adil Qeybulla 1xeber.media-ya açıqlamasında bildirib ki, həkimlərin ölkədən getməsinin bir çox səbəbi var:
“Ölkədə təhsil və rezidentura sistemi tətbiq olunsa da, bu, hələ də yetərli deyil. Bu günə qədər Tibb Universitetinin iki korpusu sığorta xəstələri ilə kifayət qədər təmin olunmayıb. Belə olan halda tələbələr harada və kimdən öyrənsinlər? Məhz buna görə də onların əksəriyyəti Türkiyə və Avropa ölkələrinə üz tutur. Bu, həkim miqrasiyasının əsas obyektiv səbəblərindən biridir. Təəssüf ki, səhiyyə idarəçiliyindəki parçalanma da bu problemi daha da dərinləşdirir. Bu məsələ dəfələrlə mətbuatda gündəmə gətirilsə də, ciddi nəticə görünmür. Halbuki bu, olduqca ciddi məsələdir və nəticələrini gələcəkdə daha ağır şəkildə hiss edə bilərik. Nəzərə almaq lazımdır ki, ölkəni tərk edən həkimlərin böyük əksəriyyəti sonradan geri qayıtmaq istəmir, getdikləri ölkələrdə inteqrasiya edərək orada qalırlar”.

O deyib ki, digər mühüm səbəblərdən biri də həkimlərin əməkhaqları və yaşayış səviyyəsidir:
“Reklam və mediada görünən müəyyən həkimlər istisna olmaqla, əksər həkimlərin sosial vəziyyətində problemlər mövcuddur. Daha yaxşı həyat və iş şəraiti axtaran mütəxəssislər buna görə xaricə üz tuturlar. Bundan əlavə, 65 yaşdan yuxarı həkimlərin kütləvi şəkildə işdən çıxarılması və ixtisarlarla bağlı narahatlıqlar da mövcuddur. Bu proses həm yaşlı, həm də gənc həkimlər arasında ciddi narahatlıq yaradır. Gənc həkimlər üçün elə bir mühit formalaşdırılmalıdır ki, onlar ölkədə qalmaq, işləmək və peşəkar inkişaf etmək üçün motivasiya tapsınlar. Bunun üçün sosial proqramlar hazırlanmalı və bu istiqamətdə daha sistemli iş aparılmalıdır”.
Aysel Timur
1xəbər.media