Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın hərbi əməliyyatların coğrafiyasını Belarus istiqamətində genişləndirməyə çalışdığını iddia edib.
1xeber.media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəyə Belarusu cəlb etməklə hərbi əməliyyatların əhatə dairəsini genişləndirməyə çalışır.
Qaluzin qeyd edib ki, Ukrayna hakimiyyətinin bu istiqamətdəki “aqressiv bəyanatları” Avropa Komissiyası səviyyəsində də dəstəklənib. O, xüsusilə Avropa Komissiyasının rəsmi nümayəndəsi Anita Hipperin açıqlamalarını qeyd edib.
Rusiya rəsmisinin fikrincə, Kiyevin və onun Qərbdəki tərəfdaşlarının bu cür planları regionda sülhün bərqərar olmasında maraqlı olmadıqlarını göstərir.
Qaluzin bildirib ki, Moskva bu istiqamətdə yarana biləcək riskləri nəzərə alır.
Qeyd edək ki, Anita Hipper daha əvvəl Belarusu Avropa İttifaqına qarşı təxribat xarakterli addımlarda, hava məkanının pozulmasında və miqrantlardan təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham etmişdi.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl Kiyev və Qərb ölkələrinin Belarusla bağlı bu cür ittihamlarını təbliğat və təhdid kimi qiymətləndirmişdi.