ABŞ-dakı Rusiya səfirliyi Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinin jurnalisti Mixail Martensin “rusların öldürülməsinə kömək” barədə sualını sərt şəkildə tənqid edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya səfirliyinin ABŞ-dakı nümayəndəliyinin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
Martens Ukrayna Prezidenti Volodimir Zelenskinin Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə keçirdiyi mətbuat konfransında “Biz avropalılar olaraq sizə daha çox rus əsgərini öldürməkdə kömək etmək üçün konkret nə edə bilərik?” sualını ünvanlayıb.
Rusiya səfirliyinin açıqlamasında bildirilib ki, jurnalistin bu ifadələri Almaniyanın “dördüncü Reyx” barədə xəyallarını və Rusiya ilə müharibəni “sonuncu ukraynalıya qədər” davam etdirmək istəyini əks etdirir.
Diplomatik nümayəndəlik həmçinin bu yanaşmanın Rusiya ilə ABŞ arasında qarşıdurmanı daha da qızışdırmağa hesablandığını iddia edib.
Səfirlikdən bildirilib ki, belə bir siyasətin nəticələri Adolf Hitlerin rejiminin aqibətini xatırlada bilər və tarixdən dərs çıxarmamaq müharibəni qızışdıranlar üçün ağır nəticələrə səbəb olacaq.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daha əvvəl Martensin rusların öldürülməsinə çağırış xarakterli sualının Qərbdə lazımi reaksiyanı doğurmadığını bildirmişdi.