Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında hərbçilər üçün keyfiyyətsiz konservləşdirilmiş ət məhsullarının tədarükü ilə bağlı şübhəli bilinən iş adamı Dmitri Mizgir Rusiyaya gətirilib.
1xeber.media xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Belarusda saxlanılan Mizgir istintaq hərəkətlərinin aparılması üçün Rusiyaya təhvil verilib. Ona Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluqla bağlı maddəsi üzrə ittiham irəli sürülüb.
Daha əvvəl Mizgirin xüsusi hərbi əməliyyat zonasında xidmət edən hərbçilərə keyfiyyətsiz konserv məhsulları göndərməkdə şübhəli bilindiyi bildirilmişdi.
Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Mizgir keyfiyyətsiz məhsulların tədarükü ilə bağlı dələduzluq sxeminin əsas iştirakçılarından biri hesab olunur.
Hazırda iş üzrə istintaq tədbirlərinin davam etdiyi bildirilir.