Yerevandan Moskvaya uçan “Ural Airlines” şirkətinə məxsus təyyarə iki dəfə məcburi eniş edib və sərnişinlər təyinat yerinə yalnız bir sutkadan çox vaxt sonra çata biliblər.
1xeber.media xəbər verir ki, bu barədə “TourDom” məlumat yayıb.
Məlumata görə, sərnişin təyyarəsi avqustun 10-da saat 01:19-da (Moskva vaxtı ilə 00:19) Yerevandan yola düşüb. Cədvələ əsasən, təyyarənin təxminən üç saat sonra, saat 02:55-də Moskvaya çatması planlaşdırılıb.
Lakin Moskvanın Domodedovo hava limanı təyyarələrin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. Buna görə pilotlar təyyarəni Həştərxanda ehtiyat aerodroma endirməli olublar.
Təyyarə Həştərxandan saat 06:45-də yenidən Moskvaya istiqamət götürüb. Lakin Domodedovoda məhdudiyyətlərin saat 08:50-dək uzadılması səbəbindən təyyarə ikinci dəfə məcburi eniş edib. Bu dəfə təyyarə Yekaterinburqa yönləndirilib.
Həmin vaxt Yekaterinburqun Koltsovo hava limanında da uçuşlara məhdudiyyət tətbiq edilib. Nəticədə sərnişinlər yenidən yolda qalıblar və otelə yerləşdiriliblər.
Sərnişinlər yalnız avqustun 11-də saat 03:22-də Moskvaya çata biliblər.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Soçi hava limanında sərnişinlər əlverişsiz hava şəraiti və hava məkanının bağlanması səbəbindən təxminən iki sutka qalmışdılar. Həmin vaxt uçuş gecikmələri 43 saata çatmışdı.