Вернуться назад Распечатать

Mütəxəssis: Botoks fəsadlarının əsas səbəbi təkcə həkim deyil

Son günlər Azərbaycanda estetik məqsədlə botoks proseduru etdirən şəxslərin narazılığı və şikayətləri artıb. Sosial şəbəkələrdə prosedurdan sonra üz əzələlərində zəiflik, göz qapağının sallanması, mimikaların pozulması və digər sağlamlıq problemləri ilə bağlı çoxsaylı paylaşımlar müzakirələrə səbəb olub. Bu cür fəsadların yaranmasında preparatın keyfiyyəti, proseduru həyata keçirən şəxsin peşəkarlığı və tətbiq qaydalarına əməl olunması mühüm rol oynayır. Bəs botoksdan sonra hansı fəsadlar yarana bilər və bu risklərdən qorunmaq üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova 1xeber.media-ya açıqlamasında bildirib ki, ilk növbədə burada üç dənə faktor var:
“Birinci məsələ mütəxəssisin düzgün tətbiq etmə məsələsidir. Lakin bu, ən minimal hissədir. Çünki bu gün, çox təəssüf ki, bazara daxil olan preparatların əksəriyyətində, demək olar ki, 90 faizində problem çıxır. Bilmirəm buna hansı qurum baxır, hansı qurum yoxlayır. Bu preparatlar ölkəyə necə daxil edilir, qeyri-qanuni yollarla gətirilirmi, yoxsa başqa formada olur – bunu bilmirəm. Amma bir sözlə, çox təəssüf ki, ucuz və keyfiyyətsiz məhsullar satılır. Həkim və ya mütəxəssis həmin məhsulu alır, amma onun daxilində nə olduğunu bilməsi mümkün deyil və nəticədə problemlər yaranır. Məhsulların keyfiyyətsiz olması isə artıq mütəxəssisin səhvi deyil. Bu, tamamilə məhsulu satan şəxsin məsuliyyətidir. Təəssüf ki, bunun nəticəsində həm mütəxəssisin adı zədələnir, həm də pasiyent zərər görür”. 

O qeyd edib ki, üçüncü əsas məsələ isə pasiyentin prosedurdan sonra qayda-qanunlara riayət etməməsidir:
“Prosedurdan sonra mütləq əməl edilməli olan müəyyən qaydalar var. Təəssüf ki, bəzi pasiyentlər bu qaydalara əməl etmirlər və nəticədə fəsadlar dəfələrlə artır. Ümumiyyətlə, qadınlarımız gözəldir. Ehtiyac olmadığı halda botoks prosedurlarından istifadə etməsinlər. Əgər üzdə kiçik qırışlar üçün tətbiq olunursa, bu artıq başqa mövzudur və çox az miqdarda ola bilər. Amma bədən botokslarına gəlincə, nəzərə almaq lazımdır ki, botulotoksin əzələnin fəaliyyətini dayandıran bir maddədir. Əzələnin aktivliyinin dayanması isə onun passivləşməsi deməkdir və bu, heç də yaxşı hal deyil. Buna görə də bədənə botoks tətbiq olunması tövsiyə edilmir”.

Aysel Elnur