Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.
Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.
Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.
Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.
Bu barədə politoloq Məhəmməd Əsədullazadə 1xeber.media-ya açıqlamasında deyib ki, müstəqillik illərində Ermənistanın Azərbaycana qarşı işğalı və 30 ilə yaxın davam edən müharibə dövründə Ermənistan liderinin Azərbaycan Prezidentinə İrəvandan Bakıya rəsmi zəngi olmayıb:
“Müharibənin başa çatması, ərazilərin işğaldan azad olunması və ötən il avqustun 8-də sülh mətninin paraflanması münasibətlərdə yeni mərhələnin əsasını qoydu. Son günlərdə isə biz Ermənistan lideri Nikol Paşinyanın Azərbaycan Prezidentinə zəng etdiyini gördük. Təbii ki, Yerevandan Bakıya belə bir zəngin edilməsi özü mühüm hadisədir və bu, Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün formalaşdığını göstərir. Bu proses növbəti mərhələdə yekun sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq və tərəflər arasında qarşılıqlı etimad daha da formalaşacaq. Artıq Ermənistan cəmiyyəti və əhalisi də Paşinyanın Azərbaycan Prezidentinə zəngini sülh istiqamətində atılan addım kimi qiymətləndirirsə, düşünürəm ki, Azərbaycan xalqı da bunu müsbət qarşılayır”.
O qeyd edib ki, bu, çox müsbət tendensiyadır və artıq Ermənistan tərəfindən sağlam mövqenin ortaya qoyulduğunun şahidi oluruq:
“Ermənistan Konstitusiyasına və Müstəqillik Bəyannaməsinə dəyişiklik edildikdən sonra, təbii ki, yekun sülh müqaviləsinin bağlanması və iki ölkə arasında davamlı sülhün bərqərar olması mümkün olacaq.
Hazırda iki ölkə arasında iqtisadi əlaqələr mövcuddur, siyasi münasibətlər də inkişaf edir. Hesab edirəm ki, növbəti mərhələdə tərəflərin bir araya gəlməsi ilə yekun sülh müqaviləsinin, hətta Qəbələdə Azərbaycan və Ermənistan arasında imzalanması da mümkün ola bilər”.
Aysel