Вернуться назад Распечатать

Yayın sonu avtomobil bazarında canlanma — Hansı maşınlara tələbat artır?

Yayın sonuna yaxınlaşdıqca Azərbaycanda daxili turizmə maraq hələ də yüksək olaraq qalır. Paytaxtdan bölgələrə istirahət məqsədilə üz tutan ailələrin sayının artması avtomobil bazarında da mövsümi aktivliyi qoruyub saxlayır.

Xüsusilə rayon və dağlıq ərazilərdə istifadə üçün daha əlverişli olan krossoverlərə, eləcə də geniş salonlu ailə avtomobillərinə maraq diqqət çəkir. Alıcılar avtomobil seçərkən yalnız şəhər daxilində istifadəyə deyil, uzun məsafəli səfərlərdə rahatlıq, təhlükəsizlik və yanacaq sərfiyyatına da üstünlük verirlər.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev 1xeber.media-ya açıqlamasında bildirib ki, avtomobil bazarında tələbat il ərzində eyni səviyyədə olmur.

Onun sözlərinə görə, qış aylarında satışlar nisbətən zəif olsa da, yazın gəlişi ilə bazarda tədricən canlanma başlayır:

“Aprel ayından etibarən tələbat artır, may, iyun və iyul aylarında isə satışlarda daha yüksək dinamika müşahidə olunur. İlin ilk aylarında avtomobil satışlarının zəifləməsinin əsas səbəblərindən biri istehsal ili faktorudur. Yeni avtomobil almaq istəyən müştərilər ilin əvvəlində əvvəlki ilin istehsalı olan modelləri almaqdansa, yeni buraxılış ili ilə satışa çıxarılan avtomobillərə üstünlük verirlər. Yaz aylarından sonra bazarda aktivliyin artmasına müxtəlif amillər təsir göstərir. Yay mövsümündə insanların səyahət və istirahət planlarının çoxalması da avtomobilə olan ehtiyacı artırır”.

“Artıq yayın sonuna yaxınlaşırıq və bu dövrdə bazardakı mövsümi aktivlik müəyyən qədər davam edir. İnsanların bölgələrə səfərləri, istirahət planları və avtomobil almaqla bağlı əvvəlcədən verdikləri qərarları reallaşdırması satışlara təsir göstərir. Bununla belə, qarşıdakı aylarda mövsümi amillərin təsiri ilə bazarda müəyyən zəifləmə müşahidə oluna bilər”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanda avtomobil bazarında yaz-yay aylarında aktivliyin artması, ilin sonuna doğru isə nisbətən səngiməsi artıq müşahidə olunan mövsümi tendensiyadır.

Aysel