Ekipajsız sualtı aparatları laboratoriyaların hüdudlarından kənara çıxaraq biznes və elm üçün iş alətinə çevrilib. Bu aparatların sayəsində insanın fəaliyyət göstərməsinin çətin və ya təhlükəli olduğu yerlərdə təhlükəsiz şəkildə işləmək mümkün olur.
Bu gün biz sualtı dronlardan, onların elmdə, dəniz faunasının və dəniz dibinin tədqiqində, xilasetmə və axtarış əməliyyatlarında, boru kəmərlərinin və sualtı infrastrukturun digər obyektlərinin yoxlanılmasında, eləcə də hərbi sahədə tətbiqindən danışacağıq.
Müsahibimiz dünyada ekipajsız sualtı aparatların aparıcı tərtibatçılarından birini təmsil edən Avtandil Məmmədovdir.
- Avtandil müəllim, ekipajsız sualtı aparatlara marağınız nə ilə bağlıdır? Bu, dəbdə olan bir istiqamətdir, yoxsa həqiqətən praktiki əhəmiyyət daşıyır?
İlk növbədə qeyd edək ki, “ekipajsız sualtı aparat” termini müəyyən qədər düzgün deyil. Mənim fikrimcə, belə adlandırma daha çox iri sualtı aparatlara aiddir. Biz isə iki fərqli addan istifadə etməliyik – uzaqdan idarə olunan sualtı aparatları (ingilis dilində abreviatura ROV - Remotely Operated Vehicle) və avtonom sualtı aparatları (ingilis dilində abreviatura AUV - Autonomous Underwater Vehicle).
ROV operator tərəfindən kabel bağlantısı vasitəsilə idarə olunur. AUV isə daha avtonom aparatdır. Baxmayaraq ki, ona müxtəlif rabitə kanalları vasitəsilə ayrı-ayrı komandalar ötürülür. Bunlara akustik kanal, AUV suyun səthində olduğu zaman radioəlaqə və digər rabitə üsulları daxildir.
Mənim marağıma gəldikdə isə, bu, belə aparatların kifayət qədər praktiki tətbiq imkanlarına və onların, o cümlədən süni intellektin köməyi ilə getdikcə genişlənən istifadəsinə əsaslanır.
- Hazırda ROV və AUV bazarının vəziyyəti necədir? Bu sahədə tələb və təklif arasında balans necədir?
Bildiyiniz kimi, sürətlə inkişaf edən yüksək texnologiyalar mühitində, o cümlədən ROV və AUV sahəsində təklif çatışmazlığı yoxdur.
/apa.az