Вернуться назад Распечатать

"Naxçıvanın coğrafi mövqeyi xüsusi təhlükəsizlik yanaşması tələb edir" - Deputat

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyən edən siyasi və strateji mesajlarla yadda qalıb. Dövlət başçısının iştirak etdiyi tədbirlər, qeyd edilən fikirlər və açıqlanan yeni layihələr Naxçıvanın yalnız sosial-iqtisadi baxımdan deyil, həm də müdafiə, enerji, sənaye və nəqliyyat imkanları baxımından yeni dövrə qədəm qoyduğunu nümayiş etdirir.

1xeber.media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari diqqətə çatdırıb ki, son illər Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr muxtar respublikanın sosial-iqtisadi simasını əhəmiyyətli dərəcədə dəyişib. İnfrastrukturun yenilənməsi, enerji təminatının gücləndirilməsi, sənaye və investisiya imkanlarının genişləndirilməsi, nəqliyyat sisteminin inkişaf etdirilməsi Naxçıvanın gələcək inkişafı üçün möhkəm baza yaradıb. Bu inkişaf dinamikası Prezident İlham Əliyevin müsahibəsində də vurğulanıb. Dövlət başçısı səfərin və səfər çərçivəsində iştirak etdiyi tədbirlərin Naxçıvanın hərtərəfli inkişafını nümayiş etdirdiyini bildirərək deyib: “Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır”.

"Cənab İlham Əliyevin “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikri qarşıdakı dövr üçün əsas strateji hədəflərdən birini ifadə edir. Bu baxımdan Naxçıvanın inkişafı gələcək iqtisadi potensialın əvvəlcədən formalaşdırılması kimi dəyərləndirilir. Dövlət Proqramının icrası da məhz bu məqsədə xidmət edir.

Naxçıvanın geosiyasi və coğrafi mövqeyi təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Azərbaycan Prezidentinin müsahibəsində bu amil də vurğulanıb. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yaradılması muxtar respublikanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlardan biri olub. Son illərdə burada hərbi hissələrin müasir silah və texnika ilə təchizatı, yeni komando qüvvələrinin yaradılması və şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. Naxçıvanda hərbi potensialın bundan sonra da gücləndiriləcəyinin bəyan edilməsi təhlükəsizliyin ölkənin ümumi inkişaf strategiyasında prioritet olaraq qalacağını bir daha təsdiqləyir. Əslində, dayanıqlı iqtisadi inkişaf üçün ilk növbədə təhlükəsizliyin təmin olunması vacibdir. Naxçıvan nümunəsində də bu iki istiqamət – təhlükəsizlik və inkişaf bir-birini tamamlayan amillər kimi çıxış edir.

Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyan hadisədir. Azərbaycanda son illərdə yaradılan sənaye parkları qeyri-neft sektorunun inkişafına, istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və investisiyaların cəlb olunmasına mühüm töhfə verib. Naxçıvan Sənaye Parkının yaradılması da bu modelin muxtar respublikada tətbiqinin yeni mərhələsidir. Ərazi baxımından Naxçıvan Sənaye Parkının Sumqayıt Sənaye Parkından sonra Azərbaycanın ikinci böyük sənaye parkı olmasının nəzərdə tutulması layihənin miqyasını göstərir. Burada məqsəd yalnız yeni istehsal müəssisələrinin yaradılması deyil, söhbət Naxçıvanın iqtisadi strukturunun şaxələndirilməsindən, yerli istehsal imkanlarının genişləndirilməsindən, məşğulluğun artırılmasından və investisiya üçün yeni platformanın formalaşdırılmasından gedir.

Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilib. Müxtəlif regionlarda müharibələr, enerji daşıyıcılarının nəqli ilə bağlı risklər və təchizat zəncirlərinin pozulması enerji məsələsinin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan bu baxımdan öz enerji potensialı ilə regionda fərqlənən ölkələrdən biridir. Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi də uzunmüddətli və sistemli xarakter daşıyır. Naxçıvanın qaz təminatının həyata keçirilməsi, müxtəlif elektrik stansiyalarının yaradılması bu strategiyanın mühüm elementləridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir: “Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi”.

Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub. Azərbaycan üçün Naxçıvanla ölkənin əsas hissəsi arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılması uzunmüddətli strateji məqsəddir. 2020-ci il Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi və nəqliyyat reallıqları bu məqsədin həyata keçirilməsi üçün mühüm imkanlar yaradıb. Azərbaycan bu istiqamətdə öz ərazisində bütün zəruri infrastrukturu ardıcıl şəkildə qurur. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi, dəmir yolunun tikintisinin sürətlə aparılması və Naxçıvan istiqamətində mövcud dəmir yolu infrastrukturunun yenilənməsi Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərin miqyasını nümayiş etdirir. Azərbaycan öz ərazisində dəhlizin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturu hazırlamaqla yanaşı, Naxçıvanın dəmir yolu imkanlarının da bərpasına başlayıb. Naxçıvan istiqamətində dəmir yolunun yenidən qurulması layihənin mühüm hissəsidir.

Prezident İlham Əliyevin sözügedən müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın gələcək inkişaf modelinin əsas konturlarını müəyyənləşdirir. Əsas hədəf muxtar respublikanın öz potensialından daha səmərəli istifadə edən, investisiya cəlb edən, sənaye istehsalını artıran, enerji ixrac imkanlarını genişləndirən və regional nəqliyyat sistemində mühüm mövqe qazanan iqtisadi məkana çevrilməsidir. Yeni mərhələdə Naxçıvan yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi deyil, həm də güclü müdafiə potensialına, dayanıqlı enerji sisteminə, inkişaf edən sənayesinə və genişlənən tranzit imkanlarına malik strateji iqtisadi məkan kimi formalaşır".