Вернуться назад Распечатать

Azərbaycanda kişilərin pensiya yaşı ilə bağlı MÜHÜM AÇIQLAMA

Qadınlar üçün pensiya yaşının mərhələli şəkildə 65-ə çatdırılması ilə Azərbaycanda bu istiqamətdə nəzərdə tutulan əsas dəyişikliklər tamamlanıb. Bununla yanaşı, cəmiyyətdə kişilər üçün də pensiya yaşının gələcəkdə artırılıb-artırılmayacağı ilə bağlı müzakirələr davam edir. Bu məsələdə əhalinin yaşlanması, sosial sığorta sistemi, əmək bazarı və orta ömür uzunluğu kimi amillər əsas arqumentlər sırasında göstərilir. Digər tərəfdən, pensiya yaşının artırılmasının sosial rifaha və vətəndaşların əmək fəaliyyətinə mümkün təsirləri də diqqət mərkəzindədir. Mövcud demoqrafik və iqtisadi göstəricilər fonunda belə bir addımın zəruriliyi barədə fərqli yanaşmalar səsləndirilir. Kişilər üçün pensiya yaşının artırılması gələcəkdə real gündəmə çevrilə bilərmi? Belə bir qərarın iqtisadi və sosial baxımdan əsaslandırılması mümkündürmü?

1xeber.media  xəbər verir ki, bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, kişilər üçün pensiya yaşının artırılması gələcəkdə nəzəri olaraq gündəmə gələ bilər, amma bunu yalnız əhalinin yaşlanması və ya orta ömür uzunluğunun artması ilə əsaslandırmaq kifayət deyil. Belə qərar qəbul edilərsə, onun həm maliyyə, həm də sosial nəticələri kompleks şəkildə hesablanmalıdır.

Onun sözlərinə görə, Azərbaycanda qadınların pensiya yaşının mərhələli şəkildə 65 yaşa çatdırılması ilə qadın və kişilər üçün pensiya yaşı bərabərləşib:

Bunu da oxu

“Bundan sonrakı mərhələdə kişilər üçün yaş həddinin artırılması məsələsinə baxılması üçün ilk növbədə demoqrafik dəyişikliklər, əmək qabiliyyətli əhalinin sayı, pensiyaçıların ümumi əhaliyə nisbəti, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri, eləcə də insanların real əmək qabiliyyətinin hansı yaşa qədər davam etməsi nəzərə alınmalıdır.

Əhalinin yaşlanması sosial sığorta sisteminə ciddi təzyiq yarada bilər. İşləyən insanların sayının pensiyaçıların sayına nisbətən azalması gələcəkdə pensiya ödənişlərinin maliyyələşdirilməsini çətinləşdirə bilər. Bu baxımdan pensiya yaşının yüksəldilməsi dövlətin sosial sığorta xərclərini müəyyən qədər azaltmaq və insanların daha uzun müddət sığorta haqqı ödəməsini təmin etmək üçün istifadə olunan mexanizmlərdən biri ola bilər.

Lakin bu mexanizmin sosial tərəfi daha həssasdır. İnsanların orta ömür uzunluğunun artması onların 65-70 yaşlarında eyni əmək qabiliyyətinə malik olması demək deyil. Fiziki əməyə əsaslanan sahələrdə çalışan şəxslər üçün daha uzun müddət işləmək ofis işində çalışan insanlarla müqayisədə daha çətin ola bilər. Ona görə pensiya yaşının artırılması bütün işçilərə eyni şəkildə tətbiq edilərsə, sosial ədalətsizlik yarana bilər”.

A.Nəsirli əlavə edib ki, əmək bazarının vəziyyəti də nəzərə alınmalıdır. Yaşlı insanların daha uzun müddət əmək bazarında qalması bir tərəfdən onların gəlirlərinin və sosial sığorta ödənişlərinin artmasına imkan verir:

“Digər tərəfdən, işəgötürənlərin yaşlı işçilərə münasibəti, onların yeni texnologiyalara uyğunlaşması və sağlamlıq vəziyyəti kimi məsələlər həll edilməzsə, pensiya yaşına yaxın insanların işsiz qalması riski yarana bilər. Bu səbəbdən gələcəkdə belə bir dəyişiklik müzakirəyə çıxarılarsa, yalnız “pensiya yaşını artıraq” yanaşması düzgün olmaz. Daha çevik model tətbiq etmək mümkündür. Məsələn, ağır və zərərli əmək şəraitində çalışanlar üçün xüsusi yanaşma saxlanıla, uzun müddət işləmək istəyən şəxslər üçün əlavə stimullar yaradıla və pensiya yaşına yaxın insanların əmək bazarında qalmasını təmin edən proqramlar genişləndirilə bilər”.

Ekspert qeyd edib ki, pensiya sisteminin dayanıqlığını təmin etmək üçün pensiya yaşının artırılması yeganə vasitə deyil:

“Əmək müqavilələrinin və sığorta ödənişlərinin genişləndirilməsi, qeyri-formal məşğulluğun azaldılması, əməkhaqqı fondunun böyüməsi, məşğulluğun artırılması və investisiya gəlirlərinin səmərəli idarə olunması da sosial sığorta sisteminin maliyyə imkanlarını gücləndirə bilər.

Ona görə də kişilər üçün pensiya yaşının artırılması yaxın gələcəkdə avtomatik və qaçılmaz qərar kimi qəbul edilməməlidir. Belə bir addım yalnız əhalinin yaş strukturu, orta ömür uzunluğu, sağlam ömür göstəriciləri, əmək bazarının imkanları və pensiya sisteminin uzunmüddətli maliyyə balansı əsasında əsaslandırıla bilər. Əgər bu göstəricilər gələcəkdə ciddi maliyyə təzyiqinin yarandığını göstərərsə, məsələ real gündəmə gələ bilər. Amma qərarın əsas məqsədi yalnız dövlət xərclərini azaltmaq deyil, həm də vətəndaşın layiqli pensiya təminatını və sosial rifahını qorumaq olmalıdır”.\\medianyus.az