Вернуться назад Распечатать

Ekspertdən xəbərdarlıq: Xaricdən avtomobil sifarişində aldanmamaq üçün bunlara diqqət edin

Son dövrlərdə xaricdən avtomobil sifarişinə maraq artsa da, bu sahədə problemlərlə üzləşən vətəndaşların sayı da nəzərəçarpacaq dərəcədə çoxalıb. Bir sıra şəxslər avtomobilin ölkəyə gətirilməsi üçün əvvəlcədən tam və ya müəyyən hissə üzrə ödəniş etdiklərini, lakin uzun müddət keçməsinə baxmayaraq nə sifariş etdikləri avtomobili aldıqlarını, nə də ödədikləri məbləği geri qaytara bildiklərini bildirirlər. Bununla bağlı sosial şəbəkələrdə paylaşılan şikayətlərin, eləcə də aidiyyəti dövlət qurumlarına ünvanlanan müraciətlərin sayı getdikcə artır. 
Bu barədə avtomobil alqı-satqısı və icarəsi üzrə ekspert Sərxan Qədirov 1xeber.media-ya açıqlamasında bildirib ki, mövzu bu gün üçün həqiqətən də aktualdır:
“Mənim də tanıdığım çoxlu insanlar var ki, bu problemlə üzləşiblər. Problemin qarşısını almaq üçün ən vacib məsələ tanınmış, etibarlı və güvənilən şirkətlərlə işləməkdir. Məncə, yeganə doğru yol da budur. Bu sahədə elə insanlar var ki, sosial şəbəkələrdə müəyyən qədər tanınırlar. Məsələn, gedib Dubayda üç-beş ay işləyirlər, müəyyən qədər etibar qazanırlar. Daha sonra isə həmin etibardan istifadə edərək çox sayda müştərini aldadırlar. Məncə, belə riskə getməyə dəyməz. Son bir-iki ayda rastlaşdığımız hallar da olub. Məsələn, avtomobil Poti limanına gəlib çatıb, amma orada qalıb. Bir neçə nəfərin avtomobili isə ümumiyyətlə ortada olmayıb. Belə hallar yaşanır. Bundan başqa, gecikmələr olur. Bəzən bir müştərinin sifariş etdiyi avtomobil başqa müştəriyə satılır, sonra da ilk müştəriyə "maşın yolda gecikir" kimi bəhanələr gətirilir. Təəssüf ki, bunlar baş verir. Ona görə də yalnız tanıdığınız, güvəndiyiniz, fəaliyyətinə əmin olduğunuz şəxslərlə işləməyi, yaxud da avtomobili ölkədaxili bazardan almağı məsləhət görərdim. Çünki hazırda ölkə daxilində avtomobil bazarında qiymətlər kifayət qədər aşağı düşüb”.

O qeyd eidb ki, bunun da səbəbi bazarın zəif olması, avtomobil gətirənlərin çox, alıcıların isə az olmasıdır:
“Məncə, üç ay gözləyib avtomobil gətirtmək, sonra da onun təmiri ilə məşğul olmaqdansa, burada cüzi qiymət fərqi ilə avtomobil almaq daha məqsədəuyğundur. Əgər avtomobil almaq istəyən şəxsin bu sahədə təcrübəsi yoxdursa və ya ilk dəfə avtomobil alırsa, ən yaxşı variant avtomobili ölkə daxilində almaq, servisdə yoxlatdırmaq və rahat şəkildə əldə etməkdir. Bu, dələduzların qurbanına çevrilməkdən daha təhlükəsizdir. Belə insanlar çox olub. Sosial şəbəkələrdə də bununla bağlı kifayət qədər nümunələr var. Elələri var ki, əvvəl Dubayda işləyiblər, sonra başqa ölkəyə gedərək Dubayı pisləyirlər və deyirlər ki, guya insanları orada aldadırlar. Halbuki elə həmin şəxslərin özləri barədə çoxsaylı şikayətlər mövcuddur və insanlar onların tərəfindən aldadıldıqlarını bildirirlər. Ona görə də dediyim kimi, qoy avtomobil 3-5 min manat baha olsun, amma etibarlı yerdən alınsın. Atalar da yaxşı deyib ki, al qapıda, sat qapıda”.
Aysel