Toy mövsümünün başlaması ilə qızıl və zinət əşyalarına olan maraq da artır. Xüsusilə toy hazırlığı görənlər üçün qızılın qiyməti və bazardakı son dəyişikliklər əsas müzakirə mövzularından birinə çevrilir. Alıcılar həm qiymətlərin hazırkı vəziyyəti, həm də yaxın dövrdə dəyişikliklərin olub-olmayacağı ilə maraqlanırlar.
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov 1xeber.media-ya bildirib ki, toy mövsümünün başlaması qızıl və zinət əşyaları bazarında yqənənəvi olaraq canlanma yaradır:
“Xüsusilə nişan və toy mərasimləri ilə əlaqədar üzük, sırğa, bilərzik, boyunbağı və müxtəlif qızıl dəstlərinə tələbat artır. Bu dövrdə ailələrin qızıl alışına ayırdığı büdcə də genişlənir və zərgərlik mağazalarında satış aktivliyi yüksəlir. Amma toy mövsümünün başlamasını qızılın qiymətinin əsas səbəbi kimi qiymətləndirmək düzgün olmaz. Daxili tələbin artması satışlara təsir etsə də, qızılın baza qiyməti əsasən dünya bazarındakı qiymətlərdən formalaşır. Beynəlxalq qızıl kotirovkalarında baş verən dəyişikliklər Azərbaycan bazarına da müəyyən gecikmə ilə və müxtəlif kanallar vasitəsilə təsir göstərir”.
O qeyd edib ki, hazırda qızıl bazarında əsas diqqət qiymətlərin yüksək səviyyədə qalmasına yönəlib:
“Son dövrdə qızılın həm investisiya, həm də qoruyucu aktiv kimi cəlbediciliyinin artması beynəlxalq bazarda qiymətlərin yüksəlməsinə şərait yaradıb. Bu vəziyyət Azərbaycanda da zinət əşyalarının maya və satış qiymətlərində özünü göstərir. Bununla yanaşı, mağazada gördüyümüz qızılın bir qramlıq qiyməti yalnız xammalın dəyərindən ibarət deyil. Əyar, işçilik, dizayn, modelin mürəkkəbliyi və satıcının marjası son qiymətin formalaşmasına ciddi təsir göstərir. Buna görə eyni çəkidə olan iki qızıl məmulatının satış qiyməti arasında nəzərəçarpacaq fərq yarana bilər. Toy mövsümündə maraqlı tendensiyalardan biri də istehlakçı davranışının dəyişməsidir. Qiymətlərin yüksək olması alıcıları daha yüngül çəkili və sadə modellərə yönəldə bilər. Digər tərəfdən, qızılı həm toy ənənəsi, həm də uzunmüddətli dəyər saxlama vasitəsi kimi görən alıcılar daha klassik modellərə üstünlük verirlər. Burada alış-satış fərqi də mühüm məsələdir. Vətəndaş qızılı alarkən ödədiyi məbləği sonradan həmin qiymətə geri əldə edə bilmir. Çünki satış zamanı işçilik və mağaza əlavəsi tam şəkildə nəzərə alınmaya bilər. Bu səbəbdən qızılı yalnız zinət əşyası kimi deyil, investisiya məqsədilə alan şəxslər üçün məmulatın çəkisi, əyarı və alış-satış şərtləri xüsusilə əhəmiyyətlidir. İqtisadi baxımdan toy mövsümündə qızıl bazarında tələbin artması pərakəndə ticarət dövriyyəsinə müsbət təsir göstərir. Eyni zamanda yüksək qiymətlər bazarın həcminin artmasını məhdudlaşdıra bilər. Yəni nominal olaraq satış qiymətləri yüksəlsə də, satılan məhsulların çəkisi və orta alış həcmi əvvəlki illərlə müqayisədə dəyişə bilər. Hazırkı vəziyyətdə qızıl bazarında yüksək qiymət və mövsümi tələbin paralel getdiyini müşahidə edirik. Toy mövsümü satışları canlandırır, lakin qiymətlərin gələcək istiqamətini əsasən dünya bazarındakı qızıl kotirovkaları, valyuta məzənnəsi və əhalinin alıcılıq qabiliyyəti müəyyən edəcək. Alıcılar üçün isə əsas tövsiyə yalnız qram qiymətinə deyil, əyar, işçilik haqqı və məhsulun geri satış şərtlərinə birlikdə diqqət yetirməkdir”.
Aysel Elnur