Вернуться назад Распечатать

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

71-ci "Avroviziya" müsabiqəsi növbəti ilin may ayında Burqas şəhərində (Bolqarıstan), "Arena Burgas"da baş tutacaq.

1xeber.media Report-a istinadla xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqı (EBU) məlumat yayıb.

"Avropa Yayım İttifaqı (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) məmnuniyyətlə bildirir ki, Burqas şəhəri 2027-ci ilin may ayında 71-ci Avroviziya mahnı müsabiqəsinin keçiriləcəyi yer olaraq seçilib. Avroviziya həftəsi ərzində Burqasda müsabiqəyə həsr olunmuş zəngin tədbirlər proqramı keçiriləcək", - EBU-nun məlumatında bildirilib.

Müsabiqənin birinci yarımfinalı mayın 11-də, ikinci yarımfinalı isə mayın 13-də baş tutacaq. Final mayın 15-də olacaq. Ənənəyə görə, müsabiqə ötən il qalib gəlmiş ölkədə keçirilir.

"Avroviziya" ilk dəfə olaraq Bolqarıstanda keçiriləcək. Ölkənin təmsilçisi, müğənni Dara bu il "Bangaranga" mahnısı ilə qələbə qazanıb.