Ötən günlərdə Bakının Xətai rayonunda yanacaq çənində güclü yanğın baş verib. Paytaxtın strateji ərazilərindən birində bu kimi yanacaq çənlərinin, boru xətlərinin, neft bazalarının, yanacaq depolarının və neft emalı zavodunun yerləşməsi ciddi təhlükə mənbəyi hesab olunur. Neft bazaları və yanacaq anbarlarının yaşayış ərazilərinə yaxın yerləşməsi mümkün yanğın və partlayış risklərini yenidən gündəmə gətirir. Xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə belə obyektlərin təhlükəsizlik qaydalarına uyğunluğu mühüm əhəmiyyət daşıyır.
Bəs neft bazasında qəza baş verərsə, yaxınlıqdakı evlər hansı risklərlə üzləşə bilər?
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev 1xeber.media-ya açıqlamasında deyib ki, neft bazasında baş verən yanğının yaşayış evlərinə təsirinə bir sıra amillər təsir edir:
“Burada yanacağın növü, sızmanın miqdarı, yanğının miqyası, küləyin istiqaməti və ərazinin relyefi əsas rol oynayır. Benzin yüksək buxarlanma qabiliyyətinə görə dizel və mazutla müqayisədə daha böyük risk yaradır. Əsas təhlükələrdən biri güclü istilik şüalanmasıdır. Alov birbaşa evə çatmasa belə, yüksək temperatur pəncərələrin sınmasına və yanar materialların alışmasına səbəb ola bilər. Digər ciddi risk isə zəhərli tüstünün yayılmasıdır. Partlayış zamanı təhlükənin miqyası yalnız obyektlə yaşayış evləri arasındakı məsafədən asılı deyil. Sızan yanacağın həcmi, buxarın yayılması və hava şəraiti də təsir göstərir. Xüsusilə yanacaq buxarının hava ilə qarışaraq alışması güclü təzyiq dalğası yarada bilər”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda 16 iyul 2026-cı ildən qüvvədə olan normalara əsasən, neft və neft məhsulları anbarları ilə yaşayış və ictimai binalar arasında minimum məsafə obyektin kateqoriyasından asılı olaraq əsasən 100-200 metr təşkil edir:
“Lakin bu məsafə təhlükənin tam aradan qalxdığı anlamına gəlmir. Real risk obyektin tutumu, qoruyucu sistemlər, relyef və digər amillər nəzərə alınmaqla ayrıca qiymətləndirilməlidir. Yaşayış ərazilərinin sıx və plansız salınması isə qəza zamanı təxliyəni çətinləşdirə bilər. Dar yollar, nizamsız parklanma və keçidlərin bağlanması yanğınsöndürən texnikanın hadisə yerinə çatmasına mane ola bilər. Buna görə belə obyektlərin ətrafında yanğın yolları və təxliyə marşrutları daim açıq saxlanmalıdır. Sakinlər üçün xəbərdarlıq sistemi, təhlükəsiz toplanış məntəqələri və ən azı iki təxliyə istiqamətinin müəyyənləşdirilməsi də vacibdir. Riskin yüksək olduğu hallarda isə yaşayış tikintisinin məhdudlaşdırılması və təhlükəli zonada yerləşən evlərin köçürülməsi məsələsinə baxılması təklif olunur”.
Aysel