Вернуться назад Распечатать

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

 

Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən və Şabranlı sahibkar Mansur İbrahimovla sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev arasında gedən məhkəmə çəkişmələrindən biri üzrə yekun qərarını verib.

1xeber.media musavat.com-a  istinadən xəbər verir ki, məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməyib və bununla da növbəti hüquqi mübahisəyə son qoyub.


Söhbət "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddiadan gedirdi. Ali Məhkəmə aşağı instansiyaların mövqeyini qüvvədə saxlayaraq iddianın təmin olunmaması barədə qərar qəbul edib.


"TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub.


Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Mansur İbrahimov uzun müddətdir ki, İlham Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi.


Musavat.com-a əvvəlki açıqlamalarında o demişdi:


"Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı".

Onun sözlərinə görə, eyni iddialar müxtəlif formalarda dəfələrlə qaldırılır, nəticədə bağların faktiki olaraq sahibi olaraq ona qaytarılması illərlə yubadılır. Mansur İbrahimov Ramiz Mehdiyevin kürəkəni məhkəməyə müraciət hüququndan sui-istifadə olunur və hər yeni iddia ən azı bir il vaxt itkisinə səbəb olur. Mehdiyevin kürəkəni məhkəmələri illərlə uzatmaqla "TurAz" MMC-nin bağlarından meyvələri yığır, hər il məhsullar xarici ölkələrə ixrac edilir və böyük gəlirlər əldə olunur.


Onun sözlərinə görə, həmin gəlirlərin ölkəyə qaytarılması ilə bağlı ciddi suallar mövcuddur:


"Əgər hər il ziyan çəkirlərsə, xaricə apardıqları məhsul çürüyürsə, onda bağlara niyə bu qədər vəsait xərclənir? Faktiki olaraq bağlardan il ərzində 10 milyon manatdan artıq gəlir əldə olunur".


Ali Məhkəmənin qərarı İlham Əliyevin növbəti iddiasının da təmin edilməməsi ilə nəticələnsə də, Mansur İbrahimovun əsas tələbi dəyişməz qalır. O, məhkəmə qərarlarının tam icrasını, bağların və şirkətlərinin faktiki olaraq özünə qaytarılmasını istəyir.


Qeyd edək ki, Ramiz Mehdiyevin və kürəkəni İlham Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir.


2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı "Dostluq-MK" MMC-ni qurub. Sonrakı dövrdə "Dostluq-MK" MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib. Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əliyev "Dostluq MK" MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər.


Hər il milyonlarla manat gəlir gətirən MMC guya İlham Əliyev tərəfindən 5 min manata satın alınıb.


Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əliyevin özü də etiraf edib. O deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib.