Вернуться назад Распечатать

Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?

 

Samux rayonunda qarayara xəstəliyinin qeydə alınması heyvandarlıq təsərrüfatlarında narahatlığı artırmaqla yanaşı, ət bazarında qiymətlərin artması ehtimalı ilə bağlı suallar yaradıb.

Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına görə, Samuxda xəstəliyə şübhəli şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib və ilk şübhəli şəxsdən götürülən nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.

Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insanlara keçən zoonoz xəstəlikdir. Rəsmi açıqlamada da bildirilib ki, xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Eyni zamanda, xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakının yoluxmaya səbəb olmadığı qeyd edilib.

1xeber.media  xəbər verir ki, xəstəliyin qeydə alınması ət bazarında qiymətlərin necə dəyişəcəyi ilə bağlı ehtimalları gündəmə gətirib.

Xüsusilə xəstəlik səbəbindən müəyyən təsərrüfatlarda heyvanların satışına və kəsiminə məhdudiyyətlərin tətbiqi bazara çıxarılan ətin həcminə təsir göstərə bilər. Bu isə ətin bahalaşması ehtimalını yaradır. Onsuz da yüksək olan ət qiymətlərinin daha da artması ehtimalı isə vətəndaşların narahatlığını artırır.

Ekspertlərin fikrincə, qiymətlərə təsir xəstəliyin hansı ərazilərdə və nə qədər geniş yayılacağından, heyvanların kəsimi və satışına tətbiq olunan məhdudiyyətlərin miqyasından və bazara çıxarılan ət həcminin nə qədər dəyişəcəyindən asılı ola bilər.

Əgər vəziyyət nəzarətdə saxlanılarsa və xəstəlik lokal xarakter daşıyarsa, bunun ölkə üzrə ət qiymətlərinə ciddi təsir göstərməsi gözlənilmir. Amma xəstəlik yayılmağa davam edərsə, vaxtında qarşısı alınmazsa, ətin qiymətinin bahalaşması qaçılmazdır.

Xüsusilə təsərrüfatlarda heyvanların kəsiminə və satışına tətbiq edilən məhdudiyyətlər uzun müddət davam edərsə, bu, həm fermerlərin fəaliyyətinə, həm də bazardakı təklifə təsir göstərə bilər.

Digər tərəfdən, xəstəliyin yayılması ilə bağlı yaranan narahatlıq vətəndaşların davranışına da təsir edə bilər. Vətəndaşların müəyyən müddət ərzində ət almaqdan çəkinməsi və ya daha təhlükəsiz hesab etdikləri satış məntəqələrinə üstünlük verməsi bazarda tələbin dəyişməsinə səbəb ola bilər. Hazırda əsas məsələ xəstəliyin yayılmasının qarşısının alınması və heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsidir.cebheinfo