Вернуться назад Распечатать

“Şərurlu İsfəndiyar” da fikirləşir ki, Arif Qaraşov direktor ola bilir, mən yox?!”

“Şərurlu İsfəndiyar" savadsızdır. Görür ki, bir çoxları orta və ali məktəb tikir, deyir, mənim nəyim əskikdir?”

Bu sözləri “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev deyib.

O, tikinti maqatı İsfəndiyar Axundovun rektor olma niyyətini şərh edib: 

Yeri gəlmişkən, “Mən həm də həmin məktəbin rəsmi şəkildə rektoruyam, əmrim var” cümləsinə o əsla təəccüblənməyib:

“Məsələn, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təsisçisidir. Arif Qaraşov əmlak sahəsinə baxırdı və milyonçudur. “Şərurlu İsfəndiyar” və onun kimilər də Arif Qaraşovdan örnək götürürlər.

Gözəgəlimli bir məktəb, yaxud universitet tikdirirlər və deyirlər, mən bura rəhbər təyin olunuram. “Şərurlu İsfəndiyar” da fikirləşir ki, necə olur Arif Qaraşov direktor ola bilir, mən yox?! Sadəcə bir az “avamlıq” edərək deyib ki, məktəbdə rektor olmaq istəyirəm. Məktəbə rektor yox, direktor rəhbərlik edir”.

E.Əliyev əlavə edib ki, hazırda ən qazanclı sahələrdən məhz təhsil sferasıdır:

“Təhsil ən yaxşı pul qazanc yeridir. Özəl təhsil müəssisələrində rektor, yaxud direktor olmaq üçün hər hansı elmi dərəcəyə ehtiyac yoxdur. Arif Qaraşovun elmi dərəcəsi var?! Bu adamın savadı “Şərurlu İsfəndiyar”ın savadından nə qədər artıqdır ki?! Məqsəd birmənalı olaraq, pul qazanmaqdır. Ölkə təhsilində xeyir verməkdən söhbət belə gedə bilməz. Kimin ki pulu çoxdur, ya kütləvi şəkildə yeni tikili binalardan yüzlərlə mənzil alır, ya da orta məktəb açır.

“Şərurlu” İsfəndiyar bunu başa düşüb, amma gec başa düşüb. Fikirləşir ki, məktəb açacam 5-10 kurs müəllimini də yığacam ora, gündə 3 dəfə yemək verəcəm, uşaqların başını aldadacam, qurtardı getdi”.

E.Əliyev vurğulayıb ki, özəl ali məktəblər ixtisas yaratmaq və bu kimi məsələlərdə birbaşa Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir:

“Ölkədəki heç bir ali məktəb sərbəst deyil. Hamısı Elm və Təhsil Nazirliyinə tabedir və yeni ixtisaslar da nazirlik tərəfindən müəyyən edilir. Xüsusən  Emin Əmirullayev nazir olduqdan sonra, ali məktəblər tamamilə öz muxtariyyətini itirib”.

Xatırlatma: bir neçə gün öncə "Şərurlu İsfəndiyar" kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundov "Zarafat bir yana" verilişində hazırda böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hətta özünü bu müəssisələrdən birinin rəsmi rektoru elan etdiyini bildirib:

"Hazırda çox gözəl məktəblər tikirəm. Tək bir məktəbim 10 min kvadratdır. Allahın izni ilə, qurtaranda sizi dəvət edəcəyəm. Bəlkə də Azərbaycanda elə bir məktəb yoxdur. Məktəblərdən biri "Vosmoy"da, "Həzi Aslanov" metrosunun yaxınlığındadır, biri "Kubinka"da, biri də Hövsandadır. Mən həm də həmin məktəbin rəsmi şəkildə rektoruyam, əmrim var. Həmin sənədi sizə göstərə bilərəm".

Aparıcının "Təhsil almadan rektor" sualına isə tikinti maqnatı özünəməxsus cavab verib: "Rektorluğun təhsilə nə dəxli var ki?! Bu, sadəcə bir vəzifədir".