Prezidentin Naxçıvanın “əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə” çevrilə biləcəyi ilə bağlı Muxtar Respublikada səsləndirdiyi fikirlər ölkəmiz region üçün çox mühüm və önəmli perspektivlərdən xəbər verir.
Bu və ya digər mesajların özündə nələri ehtiva etməsi ilə bağlı Musavat.com-a açıqlama verən deputat Rizvan Nəbiyev bildirib ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin həm Azərbaycanda bir-birinə bağlanması ölkəmizin strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır: “Ölkəmiz artıq sadəcə tranzit ərazisi deyil, müxtəlif istiqamətlərdən gələn yük və ticarət axınlarının birləşdiyi regional platformaya çevrilə bilər. Mərkəzi Asiya və Çindən gələn yüklərin Xəzər üzərindən Azərbaycana, buradan isə Türkiyə və Avropaya daşınması ilə yanaşı, Zəngəzur bağlantısı Naxçıvan vasitəsilə yeni marşrut yaradır. Digər tərəfdən, Şimal-Cənub istiqamətində Azərbaycan Rusiya ilə İran arasında mühüm həlqə olaraq qalır. Bu baxımdan Azərbaycanın əsas üstünlüyü marşrutların şaxələndirilməsidir. Müasir qlobal iqtisadiyyatda bir ölkənin strateji əhəmiyyəti yalnız onun malik olduğu resurslarla deyil, həm də müxtəlif bazarları bir-birinə nə dərəcədə etibarlı şəkildə bağlaya bilməsi ilə ölçülür. Azərbaycanın məqsədi də məhz coğrafi mövqeyi logistika, tranzit və ticarət üstünlüyünə çevirməkdir”.
R.Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan televizisiyasına açıqlamaları Azərbaycanın regional kommunikasiya qovşağı kimi artan rolunun, bu çərçivədə Naxçıvanın müxtəlif nəqliyyat istiqamətlərinin birləşdiyi qovşağa çevrilməsinin təsdiqi baxımından çox əhəmiyyətlidir: “Prezidentin Naxçıvanda verdiyi mesajlardan görünür ki, Zəngəzur bağlantısına artıq yalnız Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsi kimi baxılmır. Onun funksiyası həm də 2025-ci il 8 avqust Vaşinqton Birgə Bəyannaməsində də təsbit olunduğu kimi daha genişdir: Asiya ilə Avropanı, Şərqlə Qərbi və eyni zamanda Şimalı Cənubla birləşdirən çoxşaxəli tranzit sisteminin mühüm halqasına çevrilməkdir”.
Deputat bildirdi ki, Prezident İlham Əliyev Naxçıvanın “əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə” çevrilə biləcəyi mesajını verməklə konkret faktlara əsaslanıb: “Prezidentin açıqladığı 15 milyon tonluq yükdaşıma potensialı da məhz bu miqyasdan xəbər verir. Bu, hazırki illik 1,5 milyon tonluq yükdaşıma qabiliyyətinin 1,5 dəfə artması deməkdir. Zəngəzur dəhlizi və Naxçıvan bağlantısı regional kommunikasiya arxitekturasında yeni mərkəzi mövqeyini möhkəmləndirir. Ən mühüm yeni məqam odur ki, Prezident 42 km-lik Zəngəzur dəhlizinin ilkin olaraq nəqliyyat layihəsi kimi nəzərdə tutulduğunu, lakin indi ona daha geniş baxıldığını bildirir. Buraya dəmir yolu, avtomobil yolu, elektrik xətləri, fiber-optik kabel, gələcəkdə neft-qaz kəmərləri daxil ola bilər. Zəngəzur layihəsinə artıq multimodal kommunikasiya dəhlizi kimi baxılır. Müsahibənin ən strateji hissələrindən biri budur. Nəzarət paketi isə Azərbaycanda qalmalıdır. Zəngəzur bağlantısının açılması bu mövcud sistemə yeni bir ölçü əlavə edir. Naxçıvan üzərindən Türkiyəyə çıxışın təmin olunması Orta Dəhlizin marşrutlarını şaxələndirir. Naxçıvanın Türkiyə və daha geniş Türk dünyası ilə bağlantısı bu mövqenin konkret iqtisadi əsaslarını yaradır. Yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - dəmir yolunun uzunluğu 194 kilometr olacaq. Dəhlizin Naxçıvan üzərindən açılması Azərbaycandan İrana ikinci dəmir yolu bağlantısı yaradacaq və Şimal–Cənub marşrutunun Fars körfəzi, eləcə də Pakistan istiqamətində genişlənməsinə imkan verəcək. Bu baxımdan Naxçıvan yeni regional nəqliyyat bağlantılarının mühüm qovşaqlarından birinə çevriləcəkdir. Belə ki, Naxçıvan dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin qoluna, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin qoluna çevrilə bilər. Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Naxçıvan dəmir yol şəbəkəsinə marağını nəzərə alaraq, Avropa İttifaqı Şurasının Prezidenti Koştanın, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Layenin bəyanatlarında bu məsələnin yer alması potensial əməkdaşlıq imkannından xəbər verir. Burada da mümkün tərəfdaşlara ünvanlanmış şərtlər bəyan edildi. Prezident Naxçıvan dəmit yolunun müasirləşdirilməsinin beynəlxalq investorlardan ibarət konsorsiumla əməkdaşlıq formatında da mümkünlüyünü istisna etmədi”. R.Nəbiyev hesab edir ki, burada vacib məsələ, əsas nəzarət paketinin Azərbaycan tərəfinin əlində qalmasıdır: “Bu, həm Naxçıvanın malik olduğu coğrafi-siyasi mövqe, həm də planlaşdırılan nəqliyyat-loqistika infrastruktur layihələrində söz sahibi olmaq imkanlarını qorumaqdan irəli gəlir”.
Perspektivlərdən bəhs edərkən deputat vurğuladı ki, ölkə rəhbərinin Azərbaycan Televiziyasına müsahibəsinin ən mühüm mesajını belə ümumiləşdirmək olar: “Əgər əvvəlki mərhələdə əsas məqsəd Naxçıvanın blokada şəraitində təhlükəsizliyini və yaşayış qabiliyyətini təmin etmək idisə, yeni mərhələdə məqsəd Naxçıvanı regional əlaqələndirici mərkəzə çevirməkdir. Zəngəzur/TRIPP şaxələndirilmiş nəqliyyat-tranzit strategiyasının mühüm, lakin yeganə elementi deyil. Eyni zamanda Naxçıvan Türkiyə, İran, Türk dünyası, Şərq-Qərb və Şimal-Cənub marşrutlarını birləşdirən geoiqtisadi platforma kimi nəzərdən keçirilir. Naxçıvan artıq yalnız Azərbaycanın əsas hissəsindən ayrı yerləşən strateji ərazi deyil, Azərbaycanın yeni regional nəqliyyat, enerji və iqtisadi bağlantılar sisteminin mühüm mərkəzlərindən birinə çevrilir. Prezident İlham Əliyevin strateji hədəflərinin əks olunduğu konsepsiyada Naxçıvanın gələcəyinin spesifik coğrafi vəziyyətdən doğan risklərin potensiala çevrilməsidir, bağlantı, tranzit, enerji, investisiya və regional əməkdaşlıq layihələri isə bu mövqeyin möhkəmləndirilməsinə xidmət edir”.
musavat.com