Вернуться назад Распечатать

Ballıcaya qayıdış: Niyaməddin Ağayevin qurduğu yeni həyat

İllərlə həsrətini çəkdiyi doğma torpağa qayıdış Ağayev Niyaməddin Əli oğlu üçün həyatının ən unudulmaz səhifələrindən birinə çevrilib.

Bir vaxtlar köçkün düşərgələrində, yad ünvanlarda gələcəyə ümid edən ailə, bu gün öz doğma yurdunda evinin həyətində süfrə açır, qonaq qarşılayır, zəhməti ilə qazanc əldə edir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uzun illər köçkün həyatı yaşayan Niyaməddin Ağayev müxtəlif vaxtlarda Gəncədə və Goranboyda məskunlaşıb. Doğma yurddan uzaqda keçən illər onun və ailəsinin yaddaşında çətin günlərlə, ağır sınaqlarla iz buraxıb. Bu gün isə həmin günlər geridə qalıb.

Niyaməddin Ağayev artıq doğma elində - Xocalı rayonunun Ballıca kəndində  ata-baba torpağına qayıtmağın sevincini yaşayır. O, ailə üzvləri ilə birlikdə həyətində kiçik iaşə biznesi yaradıb. Burada kətə və qutab hazırlayaraq satan ailə, doğma kənddə yeni həyatın başlanğıcına çevrilən bu kiçik biznesini günbəgün böyüdür. Xüsusilə yay aylarında Ballıcaya gələn yerli və xarici qonaqlar Niyaməddin Ağayevin həyətindəki bu məkana baş çəkirlər. Burada hazırlanan kətə və qutabın dadına baxır, ailənin qonaqpərvərliyi ilə tanış olurlar. Süfrəyə qoyulan hər bir təam isə sadəcə bir yemək deyil, doğma torpaqda yenidən qurulan həyatın, zəhmətin və ümidin rəmzidir. Niyaməddin Ağayev deyir ki, qurduqları biznesdən yaxşı qazanc əldə edirlər. Ən böyük qazanc isə onun üçün doğma torpaqda yaşamaq, ailəsi ilə birlikdə çalışmaq və gələcəyə inamla baxmaqdır. Həmsöhbətimiz olan Niyameddin Ağayevin sözlərinə görə, Ballıcaya qayıdış onun ailəsinin həyatında yeni bir mərhələ açıb. Onlar ata-baba torpaqlarına qayıtmağın xoşbəxtliyini yaşayır, kəndin təmiz havasından, suyundan və gözəl təbiətindən zövq alırlar. Ballıcada yenidən qurulan həyatın ən təsirli mənzərələrindən biri də budur: İllərlə yurd həsrəti çəkən bir ailə bu gün öz torpağında çörəyini qazanır, gələcəyini qurur. Doğma torpağa qayıdış yalnız evə dönmək deyil, həm də yarımçıq qalmış həyatın yenidən başlanmasıdır.