Вернуться назад Распечатать

Aldığı zərbə həyatını tamamilə dəyişdi - 33 yaşında vəfat etdi (FOTO)

Puerto-Rikolu keçmiş məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat edib.

1xeber.media xəbər verir ki, O, 2015-ci ildə rinqdə aldığı ağır zərbələr nəticəsində beyin qanaması keçirdikdən sonra 11 il ərzində ciddi sağlamlıq problemləri ilə mübarizə aparıb.

Kolonun ölümü boks dünyasında böyük kədər yaradıb. Keçmiş boksçu 2015-ci ildə keçirdiyi döyüşdən sonra uzun müddət komada qalıb, daha sonra isə həyatının qalan hissəsini yataq və əlil arabasında keçirib.

2015-ci ilin oktyabrında Kolon amerikalı boksçu Terrel Uilyamsla qarşılaşıb. Həmin vaxtadək keçirdiyi bütün peşəkar döyüşlərdə qalib gələn Kolon rinqdə ilk və yeganə məğlubiyyətini alıb.

Döyüş zamanı Kolon rəqibinin başının arxasına bir neçə dəfə qanunsuz zərbə endirdiyini hakimə bildirib. Boksda “dovşan zərbələri” kimi tanınan bu zərbələrə baxmayaraq, qarşılaşma davam edib.

Kolon iki dəfə nokdauna düşüb və doqquzuncu raundda diskvalifikasiya olunaraq döyüşü uduzub.

Lakin onun üçün əsl faciə qarşılaşmadan sonra baş verib. Soyunub-geyinmə otağında başgicəllənmə və qusma yaşayan Kolon huşunu itirib və xəstəxanaya çatdırılıb.

Həkimlər onun beyin qanaması keçirdiyini müəyyənləşdiriblər. Beyində yaranan şişkinliyin azaldılması və hematomanın aradan qaldırılması üçün təcili əməliyyat keçirilib.

Kolon 221 gün komada qalıb. 2016-cı ilin mayında xəstəxanadan buraxılsa da, əvvəlki həyatına qayıda bilməyib. O, yerimək və danışmaq qabiliyyətini bərpa etməyib və bundan sonra 24 saatlıq qayğıya ehtiyac duyub.

Anası Nieves və ailəsi illər ərzində ona böyük fədakarlıqla qulluq edib.

Kolonun ailəsi 2017-ci ildə döyüş zamanı yol verilən səhlənkarlıqla bağlı məhkəməyə müraciət edərək 50 milyon dollardan çox təzminat tələb edib. Lakin məhkəmə prosesində döyüşün təşkilatçıları tibb işçilərinin və rinq əməkdaşlarının təyin olunmasına və nəzarətinə görə məsuliyyət daşımadıqları qənaətinə gəlib və bəzi qurumlar iddiadan çıxarılıb.

Kolonun vəfatından sonra Ümumdünya Boks Təşkilatı (WBO), Dünya Boks Şurası (WBC) və Dünya Boks Assosiasiyası (WBA) onun ailəsinə başsağlığı verib.