Samux rayonunda iribuynuzlu heyvanlarla təmasdan sonra bir şəxsdə qarayara xəstəliyinin laborator təsdiqlənməsi diqqətləri yenidən bu təhlükəli zoonoz infeksiyaya yönəldib. Hadisə ilə əlaqədar xəstə heyvanla təmasda olan 9 nəfər Gəncədə yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib və onlardan laborator müayinə üçün nümunələr götürülüb. Aidiyyəti qurumlar əhali arasında yayılmanın müşahidə olunmadığını bildirirlər.
Bu barədə həkim-terapevt Etibar Süleymanov 1xeber.media-ya açıqlama verib.
O deyib ki, qarayara insan sağlamlığı üçün ciddi təhlükə yarada bilən zoonoz infeksiyadır:
“Xəstəlik əsasən xəstə və ya tələf olmuş heyvanla təmas, həmçinin yoluxmuş heyvanın məhsulları ilə təmas nəticəsində insana keçə bilər. Vaxtında aşkarlanaraq müalicəyə başlanıldıqda xəstəliyin ağırlaşmalarının qarşısını almaq mümkündür. Xəstəliyin ən çox rast gəlinən forması dəri qarayarasıdır. İlkin mərhələdə təmas yerində qaşınan kiçik ləkə və ya sızanaq yarana bilər. Daha sonra həmin nahiyədə qabarcıq, yara və xarakterik qara rəngli qabıq əmələ gələ, ətraf toxumalarda nəzərəçarpacaq şişkinlik yarana bilər. Bəzi hallarda hərarət, halsızlıq və ümumi intoksikasiya əlamətləri də müşahidə olunur”.
O qeyd edib ki, xüsusilə xəstə və ya qəfil tələf olmuş heyvanla təmasdan sonra dəridə belə yara, şişkinlik, qızdırma və ya ümumi halsızlıq yaranarsa, şəxs özbaşına müalicə aparmadan dərhal həkimə müraciət etməlidir:
“Belə hallarda xəstəlik tarixçəsində heyvanla təmasın mütləq qeyd olunması vacibdir. Qarayaranın profilaktikasında əsas məsələ xəstəlik şübhəsi olan heyvanlarla təmasdan çəkinməkdir. Naməlum səbəbdən tələf olmuş heyvanlara əlcəksiz toxunmaq, onların ətindən və digər məhsullarından istifadə etmək olmaz. Şübhəli heyvan və ya heyvan cəsədi aşkarlandıqda bunu aidiyyəti baytarlıq qurumlarına bildirmək lazımdır. Xüsusilə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan şəxslər fərdi qoruyucu vasitələrdən istifadə etməli, gigiyena qaydalarına ciddi əməl etməli və heyvanlarda şübhəli əlamətlər müşahidə etdikdə baytar həkimə müraciət etməlidirlər”.
Aysel Elnur