Вернуться назад Распечатать

"Naxçıvan yeni nəqliyyat və enerji qovşağına çevrilə bilər" - İlham Əliyev

Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər muxtar respublikanın qarşıdakı illərdə regional nəqliyyat, enerji və iqtisadi əlaqələrin mühüm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanların yaradıldığını göstərir. Dövlət başçısının diqqət çəkdiyi əsas məsələlərdən biri Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin artıq yalnız nəqliyyat layihəsi kimi deyil, daha geniş regional inteqrasiya platforması kimi nəzərdən keçirilməsidir.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün Azərbaycana məxsus olduğunu bir daha vurğulayıb. Onun fikirlərindən aydın olur ki, bu məsələ Azərbaycanın Naxçıvanla quru bağlantısının təmin olunması ilə yanaşı, ölkənin regional nəqliyyat xəritəsində mövqeyinin daha da gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. 2020-ci il müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda bu istiqamətdə razılaşmanın əldə olunması isə layihənin siyasi-hüquqi əsasını formalaşdırıb.

Prezidentin müsahibəsində Zəngəzur dəhlizinin reallaşdırılması prosesinin uzun müddət müxtəlif səbəblərdən ləngidiyi də qeyd olunub. Azərbaycan bu müddətdə məsələni gündəmdə saxlayıb və nəticədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar çərçivəsində TRIPP layihəsinin icrasına start verilib. Dövlət başçısının sözlərinə görə, layihənin qısa müddətdə reallaşdırılması artıq regional nəqliyyat əlaqələrinin yeni mərhələsinə keçidi sürətləndirə bilər.

Azərbaycan bu prosesə yalnız siyasi razılaşmalar səviyyəsində yanaşmır, paralel olaraq öz ərazisində konkret infrastruktur layihələrini həyata keçirir. Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin yekun mərhələyə çatması, dəmir yolunun inşasının sürətlə davam etdirilməsi Azərbaycanın dəhlizin öz ərazisindən keçən hissəsinin hazır vəziyyətə gətirilməsində maraqlı olduğunu göstərir.

Naxçıvan istiqamətində dəmir yolu infrastrukturu ilə bağlı planlar isə layihənin miqyasını daha da genişləndirir. Ordubad və Sədərək istiqamətlərində olmayan hissələrin yenidən tikilməsi, mövcud xəttin reabilitasiyası və onun yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu göstərici Naxçıvanın gələcəkdə sadəcə keçid məntəqəsi deyil, böyük həcmdə yük axınlarını qəbul edən regional logistika mərkəzi kimi formalaşdırılmasının hədəfləndiyini göstərir.

Prezident İlham Əliyev Naxçıvan dəmir yoluna beynəlxalq investorların və konsorsiumların marağının artdığını da bildirib. Avropa İttifaqı nümayəndələrinin Naxçıvana səfər etməsi və layihə ilə maraqlanması bu nəqliyyat xəttinin regional sərhədləri aşan əhəmiyyətini nümayiş etdirir. Azərbaycan belə iştiraka prinsip etibarilə açıqdır, lakin əsas şərt nəzarət paketinin Azərbaycan dövlətində qalması və layihənin icrasında vaxt itkisinə yol verilməməsidir.

Naxçıvanın nəqliyyat əhəmiyyətini artıran əsas amillərdən biri də onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşə bilməsidir. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Naxçıvan üzərindən İran istiqamətində əlavə dəmir yolu bağlantısının yaranması Azərbaycanın Avrasiya nəqliyyat sistemində alternativ marşrutlarını artıracaq. Bunun nəticəsində Naxçıvanın iqtisadi fəallığının yüksəlməsi və yeni iş yerlərinin yaranması gözlənilir.

Məsələnin enerji komponenti də az əhəmiyyət daşımır. Prezidentin sözlərinə görə, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi artıq hazırdır. Bu, Zəngəzur dəhlizinin yalnız avtomobil və dəmir yolundan ibarət olmayacağını göstərir. Gələcəkdə fiber-optik kabellərin, elektrik xətlərinin və zərurət yarandığı halda digər enerji infrastrukturlarının da bu marşrut üzrə yaradılması nəzərdə tutulur.

Bu yanaşma Zəngəzur dəhlizinin mahiyyətini əhəmiyyətli dərəcədə genişləndirir. Nəqliyyat bağlantısının enerji və rəqəmsal infrastrukturla tamamlanması bölgədə qarşılıqlı asılılığı və əməkdaşlıq imkanlarını artıra bilər. Prezidentin fikirlərinə əsasən, Ermənistanın da bu enerji bağlantısından faydalanması mümkündür. Beləliklə, layihə təkcə Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin olunmasına deyil, daha geniş regional enerji təhlükəsizliyinə töhfə verə biləcək mexanizm kimi təqdim olunur.

Naxçıvanın enerji potensialının inkişafı da bu regional mənzərənin digər hissəsidir. Burada Günəş və su elektrik stansiyalarının yaradılması, generasiya imkanlarının genişləndirilməsi və enerji saxlanc sistemlərinin qurulması nəticəsində gələcəkdə böyük həcmdə elektrik enerjisinin ixracı mümkün ola bilər. Prezident İlham Əliyev Naxçıvanda Günəş enerjisi istehsalının ən azı 500 meqavat, potensial olaraq isə daha yüksək həddə çatdırılmasının mümkünlüyünü qeyd edib.

Naxçıvanın gələcəyi bununla məhdudlaşmır. Yeni yolların tikintisi və əsaslı təmiri, şəhərdaxili nəqliyyatın yenilənməsi, 217 müasir rayonlararası avtobusun alınması, yeni mehmanxananın tikintisi, turizm infrastrukturunun genişləndirilməsi və şəhərin Baş planının hazırlanması muxtar respublikanın sosial və iqtisadi simasının kompleks şəkildə dəyişdirilməsinə hesablanıb. Bu layihələr Naxçıvanın həm yaşayış, həm də biznes və turizm baxımından cəlbediciliyini artırmağa yönəlib.

Prezidentin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də xüsusi diqqət çəkir. Dövlət başçısının fikrincə, bu üç coğrafi məkanın tarixi və iqtisadi əlaqələri onların inkişafına daha geniş yanaşmanı zəruri edir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin Naxçıvanda da tətbiqi bu baxışın institusional ifadəsidir.

Beləliklə, Naxçıvan üçün nəzərdə tutulan layihələr bir-birindən ayrı təşəbbüslər deyil, vahid strateji mənzərənin hissələri kimi çıxış edir. Təhlükəsizliyin təmin olunması, enerji istehsalının artırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, sənayenin inkişafı və yeni idarəetmə mexanizmlərinin tətbiqi muxtar respublikanın regional əhəmiyyətini yüksəldə bilər. Prezident İlham Əliyevin mesajı isə aydındır: Naxçıvan Azərbaycanın ümumi inkişaf strategiyasında xüsusi yer tutmaqla yanaşı, gələcəkdə daha geniş coğrafiyanın nəqliyyat, enerji və iqtisadi əlaqələrinin mühüm qovşaqlarından birinə çevrilməlidir.

Fatma Xıdırlı
Beyləqan Rayon İcra Hakimiyyəti, baş məsləhətçi