İtaliya polisi Sezan, Renuar və Matis kimi dünya şöhrətli rəssamlara məxsus, ümumi dəyəri 9 milyon avrodan çox olan üç əsəri geri qaytarıb.
1xeber.media Reuters agentliyinə istinadən məlumatına görə, tablolar Parma şəhərində yerləşən mənzillərdən birində aşkarlanıb. Hadisə ilə əlaqədar doqquz Moldova vətəndaşı barəsində araşdırma aparılır.
Söhbət Pol Sezanın “Albalı ilə fincan və boşqab”, Pyer-Ogüst Renuarın “Balıqlar” və Anri Matisin “Terrasda odaliska” əsərlərindən gedir.
Qiymətli tablolar martın 22-dən 23-nə keçən gecə Parma yaxınlığındakı Manyani-Rokka Fondu Muzeyindən oğurlanmışdı. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə əsasən, maskalı iki nəfər pəncərədən binaya daxil olaraq əsərləri divardan götürüb.