Вернуться назад Распечатать

Fransada uşaqlara sosial media qadağası dayandırıldı

Fransanın Konstitusiya Şurası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunun qarşısını alıb.

1xeber.media “Meydan Bizim” ə istinadən xəbər verir ki, parlamentin qəbul etdiyi qanun sentyabrın 1-dən 15 yaşına çatmayan şəxslərə yeni sosial media hesabı açmağı qadağan edirdi. Mövcud hesabların isə platformalar tərəfindən dörd ay ərzində bağlanması nəzərdə tutulurdu.

Qanun sosial şəbəkələrdən istifadə edən bütün şəxslərin yaşının təsdiqlənməsini tələb edirdi. Konstitusiya Şurası yaş yoxlamasının şərtlərinin və hüquqi təminatlarının dəqiq göstərilmədiyini bildirib.

Məhkəmə qadağanın ifadə və ünsiyyət azadlığına qeyri-mütənasib müdaxilə etdiyini, eyni zamanda şəxsi həyatın toxunulmazlığı üçün kifayət qədər təminat yaratmadığını müəyyənləşdirib.

Qərar Prezident Emmanuel Makron üçün ciddi hüquqi maneə hesab olunur. Makron hökumətə qanunu yenidən hazırlamağı və konstitusiya tələblərinə uyğunlaşdırmağı tapşırıb.